Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

XEYİRLİ, SƏMƏRƏLİ TƏSİR
Azərbaycan musiqi sənəti ilə rus musiqisi arasında olan qarşılıqlı mədəni rabitənin tarixi qədimdir. Hələ eramızın ilk əsrlərindən bizə bəlli olan zurna, nağara kimi Azərbaycan musiqi alətlərinin sonralar rus ordusunun hərbi musiqi dəstələrinə daxil edildiyi haqda XIII əsrin əvvəllərinə aid tarix vaqiənamələrində geniş məlumat verilir. Zurna (ruscası surna) və nağaradan (ruscası nakara) əlavə adı Nizami əsərlərində dəfələrlə çəkilən kərnay (çox gur səsli, lüləsi üç metrə qədər uzunluqda olan üfləmə musiqi alətidir) rus knyazlarının saray mərasimlərində iştirak edən hərbi çalğıçılar dəstəsinə daxil edilmişdir.

XIX əsr rus mədəniyyətində Şərq mövzusu çox görkəmli yer tutur. Şərqin bir sıra ölkələrinin, o cümlədən Azərbaycanın ərazi etibarı ilə Rusiyaya yaxın olması bu ölkələrin tarixini, mədəniyyətini, təbiətini, coğrafi cəhətlərini və etnoqrafiyasını tədqiq edib öyrənmək işində rus alimlərinə böyük imkanlar və lazımi şərait vasitəsi olmuşdur. Xüsusilə rus ədəbiyyatında Qafqaz xalqları ilə ünsiyyət, Qafqazın vəsf və tərənnüm mövzusu öz parlaq əksini tapdığı hamıya məlumdur. Bu barədə dahi rus tənqidçisi və ədəbiyyatşünası V. Q. Belinski yazır: "İlk əvvəl Puşkinin uğurlu təşəbbüsü sayəsində Qafqaz ruslara geniş nəfəs çəkmək üçün nəinki iradə sərbəstliyi və azadlıq ölkəsi mahiyyətini kəsb etdi, o həm də eyni zamanda tükənməz şeriyyət, coşğun həyat və heç nədən sıxılmayan cəsarətli xəyallar diyarı oldu. Puşkin dühasının ilham pərisi Rusiya ilə bu gözəl diyar arasında hələ çoxdan bəri davam edən ünsiyyəti bir daha təqdis etdi...".

Belinskinin sözünün qüvvəti kimi, biz də qeyd edə bilərik ki, məhz dahi rus bəstəkarı, rus klassik opera sənətinin banisi M. İ. Qlinkanın "uğurlu təşəbbüsü sayəsində" Qafqaz xalqlarının musiqisi, Azərbaycan el mahnıları və oyun havaları rus bəstəkarlarının əsərlərində həm öz parlaq bədii əksini tapmış, həm də bu əsərlərin özünü zinətləndirmişdir.

Məlumdur ki, Qlinkadan sonra XIX əsr rus musiqisi tarixində şərəfli yer tutan, "Qüdrətli dəstə" adı ilə məşhur olan bəstəkarlar birliyinin banisi M. A. Balakirev də 1862 və 1863-cü illərdə Qafqaza səyahəti zamanı topladığı el mahnılarının musiqisi əsasında özünün "İslamey" adlı fortepiano fantaziyasını və "Tamara" simfonik poemasını yaratmışdır. Maraqlı burasıdır ki, o da öz simfonik poemasında vaxtı ilə Qlinkanın "Ruslan və Lüdmila" operasında istifadə etdiyi Azərbaycan el mahnısı "Qalanın dibində bir quş olaydım, gələnə-gedənə yoldaş olaydım"ın musiqisindən faydalanmışdır.

Bütün bunlar rus musiqisi ilə Azərbaycan musiqisi arasındakı üzvi rabitənin möhkəm təməl üzərində qurulduğunu göstərir.

Üzeyir Hacıbəyov "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqaləsində xüsusi olaraq qeyd edir ki, o, inqilabdan qabaq verilən Azərbaycan opera tamaşalarının təşkili işinə "son dərəcə qayğı ilə yanaşan gürcü, rus və başqa yaradıcı işçilərlə əlaqədar" surətdə çalışmışdır. Bu fakt Zaqafqaziya xalqları, xususən yaradıcı ziyalılar arasında beynəlmiləl dostluğu bir daha sübut edir.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra musiqi mədəniyyətimizin yüksəlişi işində rus sovet musiqi xadimlərinin fəaliyyəti daha da genişlənmişdir. Yeni səpkidə opera əsəri yaratmaq və Azərbaycan opera sənətinin gələcək inkişaf yolunu bəlliləşdirmək məqsədi ilə Bakıya dəvət olunan məşhur rus sovet bəstəkarı R. Qlier Azərbaycan xalq musiqisi nümunələrindən məharətlə istifadə edərək "Şahsənəm" operasını yaratdı. Üzeyir Hacıbəyov yazır ki, R. Qlierin böyük ustalıqla yaratdığı "Şahsənəm" operası Azərbaycanda yeni opera mədəniyyətinin möhkəm təməlini qoydu.

Azərbaycan Dövlət Konservatoriyasında çalışan rus pedaqoqları respublikamızda bəstəkar, xormeyster, musiqişünas və ifaçılar yetişdirmək yolunda çox çalışmış və çalışmaqdadırlar.

Rus musiqi mədəniyyətinin Azərbaycan musiqisinə olan xeyirli, səmərəli və faydalı təsiri çox böyük və qiymətlidir. Musiqiçilərimiz arasında əlaqələr gündən-günə inkişaf edir. Bizim bir sıra gənclərimiz Rusiyanın müxtəlif şəhərlərində, xüsusən Moskva və Leninqrad konservatoriyalarında ali təhsil almışlar. Tanınmış və istedadlı bəstəkarlarımızın bir sıra səhnə əsərləri RSFSR-in teatrlarında müvəffəqiyyətlə tamaşaya qoyulur, simfonik əsərləri müxtəlif konsert salonlarında ifa olunur. İndi azərbaycanlı bəstəkarın rus mövzusuna müraciət etməsi, rus ladları və çalarlarından öz əsərlərində istifadə etməsi qəribəlik doğurmur. Və yaxud əksinə, rus bəstəkarının öz əsərində Azərbaycan ladlarından istifadə etməsi həmişə rəğbət doğurur.

Azərbaycanda RSFSR ədəbiyyatı və incəsənəti günləri yalnız sənət bayramı kimi qeyd olunmamalıdır. Bu günlər ümumən rus və Azərbaycan xalqlarının musiqi həyatında da yeni bir mənalı səhifədir.

"Bakı", 03 oktyabr 1972

 

 
     
        © Musigi Dunyasi, 2007