Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

“XALQ MAHNILARI VƏ MUĞAM - 72” FESTİVALI

Dünya şöhrəti tapmış dahi şairimiz Nizaminin dünyaya göz açdığı şəhərdə, qədim Gəncədəyik. "Xalq mahnıları və muğam - 72" festivalını keçirməyə, əsil istedadları üzə çıxarmağa gəlmişik. Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Keçəçi Məhəmməd, Ələsgər Abdullayev, Bülbül kimi nadir müğənnilərin xələfləri olmaya bilməz. Bu xəyal ilə Kirovabad (indiki Gəncə - İ.Q.) mərkəzi mədəniyyət və istirahət parkının yay teatrının binasına yollanırıq.

Münsiflər heyəti üzvləri üçün qoyulmuş masa arxasında əyləşib, gənc müğənnilərlə tanış oluruq. Bu gənclərin hansının nə kimi məziyyətə malik olduğunu əvvəlcədən təyin etmək imkan xaricindədir. İştirakçıların sayı qırxa yaxındır. Onlar respublikamızın müxtəlif şəhər, rayon və kəndlərindən buraya gəlmişlər. Hər kəsin qəlbində bir həyəcan dalğası çırpınır. Hamı nigarandır.

Bu gün imtahan günüdür. Şəhərdə bu tədbirlə əlaqədar afişalar, qəzetlərdə məlumat olmadığına baxmayaraq, salon dinləyicilərlə doludur.

Kirovabadlılar axın-axın bu konsert-müsabiqəyə gəlmişlər.

Aparıcı "Xalq mahnıları və muğam - 72" festivalını açıq elan edib, münsiflər heyəti üzvlərini dinləyicilərə təqdim eləyir. Səhnədə çalğıçılar görünür. Xalq çalğı alətləri ansamblının üzvləri yerli musiqiçilərdir. Azərbaycanın 35 müxtəlif rayonundan gəlmiş gənclər bir-bir çıxış edir. Şübhəsiz, bunların içərisində istedadlılarla yanaşı zəifləri də az deyildir. "Çahargah", "Qatar", "Rast", "Bayatı Şiraz", "Şahnaz", "Segah" muğamları, təsniflər, xalq mahnıları səslənir. Çalanlar, oxuyanlar arasında ilk dəfə səhnəyə çıxanlar çoxdur. Buna görə də həddindən artıq həyəcan keçirənlər var...

Gözəl, məlahətli səsli gənclər ilk çıxışdan dinləyiciləri ələ alır, münsiflər heyəti üzvlərinin rəğbətini qazanırdılar. İştirakçılar arasında orijinal üslublu, kimsəni təkrar etməyən ifaçılarla yanaşı, məşhur müğənnilərin oxuduqları muğam və təsnifləri eynilə səsləndirmək istəyənlər də az deyil. Eşitdiklərini olduğu kimi təqdim edən bu gənclər məşhur müğənnilərin ifasında olan mətn nöqsanlarını da eyni ilə təkrarlayırlar. Məsələn, "Şur" təsnifini məharətlə ifa edən gözəl müğənnimiz Zeynəb Xanlarova girişdə Mikayıl Müşfiqin "Qurban olduğum" qoşmasını oxuyur. Burada Zeynəb xanım, nədənsə, şairin bir misrasında sözlərin yerini dəyişmiş və:

Mən Dilbəri sordum gedib-gələndən,
Dedilər, barışmaz, küsmüşdür səndən...

yerinə:

Dedilər, küsmüşdür, barışmaz sənnən...

şəklində oxumuşdur. Müsabiqə iştirakçıları bu sözləri Zeynəb xanım oxuduğu şəkildə ifa edirdilər. Deməli, kor-koranə təqlid yolu ilə getmişlər. Və yaxud, respublikamızın xalq artisti Şövkət Ələkbərova M. Müşfiqin:

Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül! -

misralarını

Nişan aldım, kəmənd atdım,
Dəydi oxum daşa, könül!

şəklində ifa edir. Gənc müğənnilər də bu təhrifi təkrarlamaqla orijinallıqdan uzaq olduqlarını büruzə verdilər.

Gənclərin bəziləri bədbin, insanı yaşamaqdan usandıran zəif şerlər oxumaqdan çəkinmirdilər. Onlardan biri təsnif ifa edərkən:

"Bu gözəl, şən həyat gəlib-keçəndir...".

kimi bayağı, qeyri-bədii sözlər oxuyurdu. Ona irad tutduqda, "bu sözləri opera solistlərinin bizim rayonda verdikləri konsertdə eşitmişəm" - dedi. Biz çox təəssüfləndik. Təəssüfləndik ki, opera solisti belə mətnlər oxumaqla gənclərə mənfi təsir bağışlayır. Əlbəttə, belə hallar acınacaqlıdır. Təcrübəli müğənnilərimiz öz repertuarına bədbin mətnlər salırsa, gənc ifaçılardan nə gözləməliyik?!

Dörd gün davam edən bu festivalda 19 ifaçı həlledici turda iştirak etmək hüququ qazandı. Birinci yeri üç ifaçıya verməli olduq. İsrafil Əsədov və Aydın Məmmədov -Ağdam şəhərinin musiqi məktəbinin yetişdirmələri - muğam ifaçılığına görə; Kirovabaddan Elxan Əliyarov isə xalq mahnılarının ifasına görə mükafatlandırıldı.

Bu üç məharətli ifaçı içərisində İsrafil Əsədov xüsusilə nəzəri cəlb etdi. İsrafil səsinin yüksəkliyi, parlaqlığı, ifasının orijinallığı ilə hamını heyran qoydu. Təsadüfi deyil ki, o, bütün festival günlərində, istər məşğələlərdə, istərsə də baxışlarda hər səhnəyə çıxanda salonda alqışlar qopurdu. İlk baxışda bu gənc adi ifaçıya oxşayırdı. O, olduqca təvazökar, sakit və mülayim görünürdü. Qavalı əlinə alıb "Şahnaz" oxumağa başladı. Tarçı bir qədər gecikdi, İsrafil tərəddüd göstərdi. Sonra səhnədə bir aləm açıldı...

Bu gəncin həm bəmi, həm də zili eyni dərəcədə o qədər qüvvətli idi ki, biz onu böyük müğənnimiz Seyid Şuşinskinin gəncliyi ilə muqayisə etdik. İsrafilin ifası təcrübəli xanəndələri xatırladırdı. Burada heç bir mübaliğə yoxdur. Onun bu rütbəyə çatmasında Ağdam musiqi məktəbinin direktoru, "Şur" ansamblının bədii rəhbəri, muğam sərrafı Xosrof Fərəcovun rolu az olmamışdır. Yeri gəlmişkən deməliyik ki, Xosrov müəllimin kadrlar yetişdirmə sahəsində böyük xidmətləri vardır. Bu gün artıq tanınmış, dinləyicilərin rəğbətini qazanmış bir çox müğənnilərimiz onun yetişdirməsidir. Xosrov müəllim muğamı incəliklərinə qədər bilən mahir musiqiçidir. O da münsiflər heyəti üzvləri arasında idi. Festival günlərində az müddət içərisində bacarıqlı muğam ifaçılarından bir ansambl təşkil edib, "Çahargah" muğamını hissə-hissə onlara oxutdurdu. Bunu da demək lazımdır ki, Xosrov müəllimin tələbələri muğamdan-muğama keçmək kimi çətinliyin öhdəsindən bacarıqla gəlirlər. Musabiqadə birinci yeri qazanmış Aydın Məmmədov və Elxan Əliyarov da özlərinə xas bir tərzdə çıxış edib, dinləyicilərin, eləcə də münsiflər heyətinin məhəbbətini qazandılar.

Təəssüflə deməliyik ki, hər üç müğənni gözəl ifaçılıq məharətinə baxmayaraq şer və qəzəlləri təhrif edir, əruzu pozur, mətnləri olduğu kimi oxumaqda çətinlik çəkirdilər. Ümumiyyətlə, bu nöqsan festivalda iştirak edən bütün gənclərə şamil edilə bilər. Ən böyük bəla budur ki, gənc müğənnilər klassik və müasir şairlərimizin ən dəyərli şer və qəzəllərini oxumaq əvəzinə, kimsəyə məlum olmayan "ara şairləri"nin primitiv yazılarını oxuyurlar. Bu yazılar o qədər sönük, o qədər bayağıdır ki, ən gözəl səsli ifaçını belə, gözdən salır. Gənclər unutmamalıdırlar ki, musiqi ilə bədii kəlamı bir-birindən ayırmaq olmaz. Sözsüz muğam ifaçılığı qeyri-mümkündür. Bu baxımdan, ifaçılar bədii ərərləri, şer kitablarını diqqətlə nəzərdən keçirməli, oxuyacaqları mətnlərin səviyyəsinə xüsusi fikir verməlidirlər. Əks təqdirdə dinləyncilər tərəfindən lazımınca təqdim olunmaqdan məhrum qalacaqlar.

Son zamanlar radioda tez-tez səslənən bir təsnifin sözləri haqda da danışmaq istərdik. İslam Rzayevlə Elmira Rəhimovanın duet şəklində oxuduqları bu təsnifin sözlərinə fikir verin:

Naz-qəmzə bilməyən canım
Nazına dözən olub.
Saf eşqim, duyğum
Sənin yadigarındır,
Yüxusuz gecəm
Sənin intizarındır.
...Sən hələ çox cavansan
Sənə naz yaraşmır.

Bunu efir vasitəsilə təbliğ etmək ən azı insafsızlıqdır. Bizcə, bu sözlərin məntiqsizliyini, mənasızlığını izah etməyə dəyməz. Təəssüf ki, çox zaman sevimli bəstəkarlarımızın da mahnı mətnləri bərbad halda olur. Bu, bağışlanmaz qüsurdur. Eyni sözləri tez-tez səslənən "Sən də həmdəm, mən də həmdəm", xüsusilə "Qadan alım" təsniflərinin sözləri haqda demək olar.

Bəzən müğənnilər özlərindən mahnı uydurub, xalq mahnısı adı ilə təqdim edirlər. Bunların sözlərini "ara şairləri" yazır, ya da ki, bir şairin şerini mahnıya uyğunlaşdırırlar. Məsələn, Əlibaba Məmmədov Mikayıl Müşfiqin:

Sən mənim cananım, şirin canımsan,
Ətirli bağçamda bar səni gözlər,
Elimsən, günümsən, mehribanımsan,
Qızğın məclisimdə tar səni gözlər.

bəndi ilə başlanan qoşmasına özündən:

Gəl sevək, sevilək,
Eşqin qədrini bilək,
Bir deyək, bir gülək, yar!

kimi qətiyyən Müşfiq şeriyyətinə uymayan sözlər əlavə etmişdir. Bu, böyük şairə hörmətsizlik deyilmi? Məgər klassiklərimizə əlavələr etməyə ixtiyarımız varmı? Buna kim haqq qazandırar? Unutmamalıyıq ki, xalq mahnısı adı ilə efirə verilən nəğmələr tez yayılır və bu təhriflər kütləvi şəkil alır.

Festival günlərində həmin təhriflərin gənc ifaçılara nə qədər pis təsir bağışlamasının şahidi olduq.

Müsabiqədə ikinci yerləri "Orta mahur" ifaçısı Tofiq Seyidov, "Rahab" oxuyan Cüməli Əmiraslanov, üçüncü yerləri isə Sumqayıtdan gəlmiş Zeynəb Kərimova, Stepanakertli (indiki Xankəndi - İ.Q.) Karine Vanyan və "Dəşti təsnifi" ifaçısı, Əli Bayramlıdan gəlmiş İsfəndiyar Bağırov tutdular. Onlar da dinləyicilərin rəğbətini qazandılar.

Təəssüf ki, "Xalq mahnıları və muğam -72" festivalında Azərbaycan Dövlət Konservatoriyasından bir nümayəndə belə yox idi. Halbuki bu festival qalibləri içərisində gələcəkdə konservatoriyaya daxil olmağa layiq istedadlı ifaçılar var. Onlara qayğı göstərmək, onları konservatoriyanın vokal şöbəsinə cəlb etmək lazımdır. Ümumiyyətlə, belə müsabiqələrdə konservatoriyamızın nümayəndələri daha fəal olmalıdır. Ümidvarıq ki, gələcəkdə bu laqeydlik aradan qaldırılacaqdır. Təkrar edirik, istedadlı gənclərə qayğı göstərilməlidir. Görkəmli müğənnimiz Bülbül həm də bu qayğının nəticəsində dünya şöhrəti qazandı. O, 1921-ci ildə Gəncədən Bakıya gələrkən yuxarıda adını çəkdiyimiz İsrafil Əsədov səviyyəsində bir xanəndə idi. Qayğı göstərildikdə isə o, Üzeyir Hacıbəyov (musiqi nəzəriyyəsi), N. Speranski (vokal sinfi) kimi ustadların sinfinə qəbul edildi, sonra İtaliyaya göndərildi, vokal sənətinin bütün incəliklərini mənimsədi.

Bir şeyi də qeyd etməliyik ki, muğam və xalq mahnıları ifaçılarının böyük qismi mikrofon xəstəliyinə tutulmuşlar, mikrofonsuz oxumaq istəmirlər. Məlumdur ki, bu gün adları dillərdə gəzən muğam ifaçılarımız formalaşanda mikrofon dəb deyildi. Onların hamısı açıq havada öz səslərini nümayiş etdirirdi. Muğam ifaçıları bunu nəzərdə tutmalıdırlar.

Festival göstərdi ki, muğamçıların sayı get-gedə artır, ustad sənətkarlarımızın ənənələri yaşamaqdadır. Qəribə burasıdır ki, müsabiqəyə Bakıdan bir ifaçı belə göndərilməmişdi. Görünür, əlaqədar təşkilatlar bu işə laqeyd yanaşmışlar. Halbuki paytaxtımızda istedadlı gənc ifaçılar az deyil. Kirovabad musiqiçiləri də bəzən laqeydlik göstərirdilər. Təkcə bunu demək kifayətdir ki, ifaçıları müşayiət edən yerli çalğıçılar festivalın son iki günündə yoxa çıxdılar. Sonralar məlum oldu ki, toya gediblər. Buna nə ad vermək olar?

Festival günlərində iştirakçılar boş saatlarını səmərəli keçirir, qonşu rayonların qabaqcıl pambıqçıları üçün konsertlər verirdilər. Bu görüşlərdə pambıqçılar gənc ifaçılara işlərindən danışır, əmək qəhrəmanlarını onlara təqdim edirdilər. Müğənnilər, çalğıçılar pambıqçılarla görüşlərindən razı qalmışdılar.

"Xalq mahnıları və muğam -72" festivalı göstərdi ki, vokalçı kadrların azlığından şikayətə dəyməz. Bu cür müsabiqələr keçirmək, istedadları üzə çıxarmaq lazımdır. Bizdə gözəl səsli gənc ifaçıların sayı ilbəil artır, onları arayıb tapmaq gərəkdir. Biz əminik ki, yaxın zamanda "Muğam-73" festivalı keçiriləcək, daha parlaq istedadlar meydana çıxarmaq işində əlaqədar təşkilatlar köməklərini əsirgəməyəcəklər.

Rəfiq ZƏKA

“Ədəbiyyat və incəsənət”, 21 oktyabr 1972

 

 
     
        © Musigi Dunyasi, 2007