Mən hələ Bakının birinci realnı
məktəbində oxuduğum illərdə,
bizim Azərbaycan dili müəllimi Abdulla Şaiq
Talıbzadə Mirzə Ələkbər Sabir
və Cəlil Məmmədquluzadə haqqında
son dərəcə maraqlı söhbətlər
etmiş və onların ədəbi təsiri
ilə şer yazanlar cümləsində bir neçə
dəfə Məmməd Səid Ordubadinin adını
çəkmişdi.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Məmməd Səidin adına artıq tez-tez qəzet və jurnal səhifələrində, teatr afişalarında rast gəlmək olurdu. Mənim onunla şəxsən tanışlığım 1924-cü ilin oktyabr ayında olmuşdur. O, "Kommunist" qəzeti redaksiyasında maarif və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışırdı. Qəzetin 1924-cü il 16 sentyabr tarixli nömrəsində Azərbaycan operasının yarıtmaz bir vəziyyətdə olması barədə böyük bir məqalə dərc olunmuşdu. "Samit" imzası ilə gedən bu məqalədə operalar dırnaq arasında, yəni istehza ilə "musiqi əsərləri" adlandırılır və bunların büsbütün səhnədən götürülməsi tələbi irəli sürülürdü. Məqalə müəllifi yazırdı: "Camaatı teatrdan, ikrah etdirməmək və teatrı tamamilə toy məclisinə döndərməmək üçün, digər tərəfdən də aktyorları və bilxassə gənc səhnə xadimlərimizi "Lotu Cabbar" oyunu göstərmək və intəhasız şarja düşməkdən xilas etmək üçün əski opera və operettaların oynanılması qadağan edilməlidir. Teatrımızın tərəqqisi yolunda bu, ən lazım və vacib qədəmdir ki, təxir edilməsi Azərbaycan səhnəsi haqqında cinayətdən başqa bir şey deyildir".
Həmin məqalədən sonra "Bati", "Musiqiyi-dust", "S. M." kimi gizli imzalar altında verilən bir sıra yazılarda "Samit"in məqaləsində irəli sürülən təkliflər müdafiə edilirdi. Azərbaycan muğam operaları həm bir musiqi əsəri, həm də bir teatr tamaşası kimi kəskin surətdə tənqid olunur, məqalə müəllifləri hətta muğam operaları bəstəçilərinin heysiyyətinə belə toxunacaq ifadələr də işlətməkdən çəkinmirdilər.
Məmməd Səid bu sürətçilik üsulu ilə "Avropaya pəncərə açmaq" xülyasında olanlarla razılaşa bilməzdi. Azərbaycan operasında inzibati qayda üzrə dönüş yaratmaq tərəfdarlarının tutduqları nihilist mövqe ona yad idi. O, Azərbaycan opera sənətinin gələcək inkişaf problemləri məsələsində Üzeyir Hacıbəyovun "Samit"ə cavab olaraq yazdığı məqaləsinin son abzasında yürütdüyü: "O ki qaldı Azərbaycan musiqi teatrının tərəqqisinin gələcəkdə kimlərdən ümid edilməsi məsələsinə, bizə qalırsa, bu ümid bu gün Azərbaycan hökumət musiqi məktəbində kamal-ciddiyyət və müvəffəqiyyətlə təhsil alan cavanlarımızdan gözlənilə bilər və gözləyirik" fikri ilə tamamilə şərik olduğunu Azərbaycan operasındakı vəziyyətə dair həmin il noyabrın 3-də "Kommunist" redaksiyası yanındakı işçi müxbirlər klubunda çağırılan geniş müşavirədə söyləmişdi. Ona görə də heç təsadüfi deyil ki, Azərbaycan operasının inkişafı məsələləri ilə əlaqədar mətbuat səhifələrində başlanmış geniş müzakirədə iştirak etmək üçün böyük bir məqalə ilə mən də "Kommunist" qəzeti redaksiyasına gəldim. M.S.Ordubadi: - Nə çox yazmısan, yoxsa sən də operalarımızın qanundan kənar edilməsi tərəfdarısan? - deyə məktəbdə imtahan zamanı müəllim verdiyi sualın cavabını şagirdindən gözləyirmiş kimi mənə baxdı.
- Əksinə, mənim fikrimcə operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur. Düşünülmədən görülən tələm-tələsik tədbirlər yaxşı nəticə verməz...
Ordubadinin dodaqlarında razılıq andıran bir təbəssüm göründü.
- Yaxşı, qoy qalsın, baxarıq, - deyə məni mehriban və xoş nəvazişlə yola saldı.
O zaman Azərbaycan musiqi məktəbində skripka, həm də Hacıbəyovun ibtidai musiqi nəzəriyyəsi sinfində oxuyurdum.
Hər səhər böyük ürək çırpıntısı ilə qəzet satılan kioskun qarşısında "Kommunist"in yeni nömrəsini gözləyirdim. Nəhayət 16 oktyabr 1924-cü il nömrəsində məqaləmin ixtisar olunmadan, eyni ilə dərc edildiyini gördükdə sevincimin həddi-hüdudu yox idi. Bəli, deməli, məqaləmin fikir etibarı ilə Üzeyir Hacıbəyov konsepsiyasına əsaslanaraq yazıldığını M.S.Ordubadi bəyənmişdi.
M.S.Ordubadi Üzeyir Hacıbəyovla, xüsusilə Müslüm Maqomayevlə yaxınlıq və dostluq edirdi. Bu da çox təbii idi. Çünki hər üçü eyni dərəcədə səmimi və sədaqətli idi. 1925-35-ci illər ərzində, demək olar ki, hər axşam təxminən saat on radələrində indiki Caparidze küçəsi ilə iki nəfər uca boylu kişinin mehriban-mehriban, söhbət edə-edə bulvardan evlərinə qayıtdıqlarını müşahidə etmək olardı. Onlar Kommunist küçəsi ilə yuxarıya tərəf qalxıb Qasım İsmayılov küçəsinin tininə çatdıqda bir qədər dayanıb "xətmi-kəlam" etdikdən sonra ayrılardılar. Bunlardan biri - Müslüm Maqomayev, o birisi isə M.S.Ordubadi idi.
O zamanlar Müslüm Maqomayev "Şah İsmayıl" operasının yeni redaksiyası üzərində gərgin surətdə işləyirdi. Libretto müəllifi Mirzə Qədir "Vüsaqi" İsmayılzadə (Mikayıl Müşfiqin atası) artıq sağ deyildi. M.Maqomayevin Mirzə Qədir şeri üslubuna müvafiq bəzi şer parçalarına ehtiyacı var idi. Bir gün o, Ordubadiyə demişdi (bu söhbətlərin məzmununu mənə Məmməd Səid öz evində birgə çalışdığımız zaman söyləmişdi):
- Səid, bilirsən ki, Üzeyir operalarımız haqqında yazdığı bir çox məqalələrində və çıxışlarında təkidlə qeyd edir ki, o, Azərbaycan operalarının musiqi quruluşu və formasını şəbihlərdən iqtibas etmişdir. Əgər bu doğrudan da belədirsə, o zaman mən istərdim ki, sən mənə şəbihdə Şümrün "Qəsəm Allaha yəqin eyləmişəm olmayacaq" tərci-bənd monoloqundan sonra böyük ehtirasla söylədiyi bəhri-təvil, necədir o, çaldır balaban?
- İmdi ki, olmayacaq, baxma dəxi, dur ayağa, bağla belin, təng geyinib əsləhəyi-cəng, dirəng eyləmə, çaldır balaban, döhl və nay...
- Bax, bax o sayaq… "Şah İsmayıl"ın son pərdəsində sui-qəsd işləyən saray adamları da əslində Şümr kimi bir şeydir, deyərək M.Maqomayev təbəssümlə öz fikrini anlatmışdı. Məmməd Səid elə ordaca Müslümün verdiyi mövzu əsasında bu bəhri-təvili yazıb bəstəkara təqdim etmişdi:
Əyan - Yənə baş verdi xəyanət, dedilər indi bu saət, qopacaq burda qiyamət, bax, o cəllad - haramzadə nə etmiş, nə yaman fitnə törətmiş, o da şəhzadə tərəfdarı olub, çoxlu qoşun cəm olunub, hər nə qədr şah tərəfindən soyulan, qarət olan varsa olub onlara əlbir, buna tədbir..."
Məmməd Səidin yazdığı bəhri-təvil əsasında bəstəkarın tərtib etdiyi "Əyanlar səhnəsi" 1926-cı ildən ta 1955-ci ildə verilən yeni quruluşa qədər müvəffəqiyyətlə ifa edilmişdir. İstedadlı opera artistləri Şirzad Hüseynov, Hacıbala Hüseynov və onlardan sonra Rəşid Tahirov bu səhnədə bitkin obrazlar yarada bilmişlər.
Bakıda 30-cu illərdə ilkin "RV-8" radio stansiyası işə salındıqda Ordubadi burada ədəbi hissə müdiri, Müslüm Maqomayev isə bədii rəhbər və musiqi hissəsi müdiri vəzifəsində çalışmışlar. Bunların arasında çoxdan bəri davam edən səmimi dostluq, radioda birgə çalışdıqları dövrdə həm də böyük yaradıcılıq ünsiyyəti kimi daha da möhkəmlənmişdi. Burada 1932-ci ildə M.Maqomayev Məmməd Səidin Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda yoxsul kəndlilərin istismarçı mülkədarlara qarşı şanlı mübarizəsini təsvir edən "Çobanlar" adlı iki pərdəlik radio pyesinə orijinal musiqi bəstələmişdi. Əsər bir neçə dəfə radioda səslənmiş və dinləyicilər tərəfindən çox bəyənilmişdi. Bu müvəffəqiyyətdən ruhlanan M.Maqomayev bir gün öz dostuna müraciətlə demişdi:
- Arzum budur ki, Azərbaycan xalqının Sovet hakimiyyəti uğrunda qəhrəmanlıq mübarizəsində əlində silah yaxından iştirak edən igid qadınlarımızın canlı obrazı səhnəmizdə yaradılsın. Axı, Sovet hakimiyyətinin qalibiyyəti həm də Azərbaycan qadınlarının işıqlı yola çıxması deməkdir. Məgər 1919-20-ci illərdə bəylərə-mülkədarlara qarşı mübarizədə bizdə vaxtı ilə Qaçaq Nəbinin həyat yoldaşı Həcərin şücaət və qəhrəmanlıq ənənəsini davam etdirən qızlarımız, gəlinlərimiz, qadınlarımız olmamışdır? Mən səndən, Səid, bu mövzuda dərin ilham və sənin yaradıcılığına xas məharət və bədiiliklə yazılmış opera librettosu gözləyirəm.
Məmməd Səid tez bir vaxtda "Nərgiz" operasının librettosunu yazdı.
Bilindiyi kimi, "Nərgiz" operasının ilk tamaşası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümünə həsr edilən bayram günlərində göstərildi. Tamaşa, ümumiyyətlə, dinləyicilər tərəfindən yaxşı qarşılandığına baxmayaraq, "Nərgiz" musiqisinin bədii ifadə vasitələrində olan bir sıra çatışmaz cəhətlərə də göz yummaq olmazdı. Harmonik dilinin bəsitliyi, orkestrləşməsindəki biçimsizlik, ahəngsizlik, surətlərin təsvirindəki sxematiklik və sair bu kimi nöqsanlar əsərin bədii keyfiyyətinin aşağı səviyyədə olduğunu göstərirdi. Operanın, başlıca olaraq musiqisinin böyük düzəlişlərə və yenidən işləmələrə ehtiyacı var idi. Əsərindəki bütün bu kəsirləri hamıdan çox müəllifin özü hiss etməkdə idi. Lakin ağır xəstəliyə tutulduğundan taqətdən düşmüş müəllifin "Nərgiz"i yenidən işləməyə gücü çatmırdı. 1937-ci ilin yayında Müslüm Maqomayev vəfat etdi. "Nərgiz"in tamamilə yenidən bəstələnməsi və bir neçə yeni musiqi nömrələrinin əlavə edilməsi işi məşhur sovet bəstəkarı R.M.Qlierə tapşırıldı. Unudulmaz dostunun parlaq xatirəsini əziz tutan M.S.Ordubadi "Nərgiz"in mətni üzərində təzədən işlədi. Beləliklə, məhz bu iki sənətkarın - Ordubadi və Qlierin gərgin yaradıcılıq çalışmaları sayəsində M.Maqomayevin "Nərgiz" operası 1938-ci il aprel ayında Moskvada keçirilən birinci Azərbaycan incəsənəti dekadası repertuarına salındı, bütün əzəməti və gözəlliyi ilə Moskvada nümayiş etdirilərək, paytaxt musiqi ictimaiyyəti tərəfindən hərarətlə qarşılandı.
Ümumiyyətlə, 30-cu illər Məmməd Səidin həyatının gərgin və məhsuldar yaradıcılıq dövrü olmuşdur. O özünün "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən şəhər" kimi romanları ilə yanaşı, "Nərgiz" operası librettosunun ilkin variantını tamamlayır, eyni zamanda "Koroğlu" operasının mətni üzərində çalışmağa başlayır. Üzeyir dühasını təmin edə biləcək bədii keyfiyyətdə opera mətni yaratmaq asan bir iş deyildi. Həm də bəstəkar ilə birlikdə iş prosesində mətn müəllifinin bir çox hallarda əvvəlcədən bəstələnmiş hazır musiqiyə sonradan şer yazmaq lazım gəldiyini nəzərdə tutsaq, yazıçının öhdəsinə götürdüyü vəzifənin nə dərəcədə çətin olduğu aşkara çıxar. Bu cəhətdən Məmməd Səidin "Koroğlu" mətnində nəzərə çarpan badii forma zəifliyinin səbəbi də aydınlaşır.
1938-ci ilin sentyabr ayında Kislovodsk istirahətindən yenicə qayıtmış M.S.Ordubadi məni evinə dəvət elədi.
- Tanış ol, mənim hörmət etdiyim sənətkarlardan biridir, -deyə ev sahibi mənə müraciət etdi.
- Biz çoxdan tanışıq, - deyib Məmməd Səidin təqdim etdiyi şəxsin əlini sıxdım. O, Bakıda yaşayan erməni bəstəkarı Anton Mailyan idi. Məmməd Səid sözünü davam etdirərək:
- Bilməmiş olmazsan, Anton Sergyeviç neçə vaxtdan bəridir ki, "Səfa" operası üzərində çalışır. Librettosunu vaxtı ilə hələ Əbdürrəhim bəy Haqverdiyev tərtib etmişdi. Ondan sonra mərhum Cəfər Cabbarlı bir çox şerlərini yazmışdı. Lakin o da məlum səbəbə görə işini başa çatdıra bilməmişdi. İndi biz gərək operanın həm librettosunu təkmilləşdirək, həm də çatışmayan parçalarını müəyyənləşdirək.Bu işdə sən bir dirijor kimi gərək bizə yaxından kömək göstərəsən.
Birlikdə işə başladıq. Məhz son dərəcə zəhmətkeş M. S. Ordubadinin müstəsna əməyi sayəsində "Səfa" operasının mətni az müddət ərzində hazır oldu və əsər 1939-cu ildə səhnə üzü gördü (Seyran - Bülbül, Səfa - Səltənət Quliyeva).
Dahi Nizaminin anadan olmasının 800 illiyi ilə əlaqədar incəsənət işləri idarəsi bir neçə opera və balet əsərinin yaradılmasını nəzərdə tutmuşdu. O cümlədən Üzeyir Hacıbəyova "İskəndərnamə", Boris Asafyevə "Slavyan gözəli" (rus dilində), Niyaziyə "Xosrov və Şirin", mənə isə mövzusu şairin həyatından alınmış "Nizami" operası yazmaq sifariş edilmişdi. Mənim operamın librettosu M.S.Ordubadiyə tapşırılmışdı. O, yazacağı librettonu mənə nədənsə pərdə-pərdə vermək istəyirdi. Bu isə mənim işimi ona görə çətinləşdirirdi ki, əsərin ümumi həcmini, onun dramaturji məzmununu və xüsusilə əsas süjet xəttini bilmədən (mən hələ şerlərinin vəzn və bəhrlərini demirəm), musiqinin küll halında nə tonal planını, nə də föhristini müəyyənləşdirmək mümkün deyildi. Buna görə də işin əvvəlində arzuolunmaz bir durum və gözləyiş əmələ gəlmişdi ki, bu məni çox darıxdırırdı. Həmin kəsir sonra aradan qaldırıldı.
Böyük Vətən müharibəsinin başlanlması ilə əlaqədar olaraq Nizaminin yubileyi təxirə salındıqda biz, opera teatrının sifarişi ilə C. Rossininin "Seviliya bərbəri" operası mətninin Azərbaycan dilinə tərcüməsinə girişdik. Bizim bu maraqlı və məsuliyyətli işimizin xüsusiyyəti haqqında ikimizin imzası ilə dərc olunmuş məqalədə deyilirdi: "Opera tərcüməsi başqa bədii əsərlər tərcüməsinə bənzəməz. Burada tərcümə üsulu orijinalın şer intonasiyalarını saxlamaq, məna düzgünlüyünə riayət etmək, tərcümə olunan əsərdəki olçünü və vəzni mühafizə etmək kimi şərtlərdən əlavə, musiqi ilə söz arasındakı qarşılıqlı münasibətin pozulmamasını, yəni ayrı-ayrı kəlmə vurğuları ilə musiqidəki ritmik vurğunun ahəngdar olmasının tam mənası ilə təmin edilmək zəruriyyətini tələb edir".
1945-ci ildə, Azərbycanda Sovet hakimiyyətinin qurulmasının 25 illiyi təntənəli surətdə qeyd edildiyi günlərdə M. S. Ordubadinin "Dumanlı Təbriz" pyesi tamaşaya qoyuldu. Bu tamaşa üçün bəstələdiyim musiqidə əsər müəllifinin arzusunu yerinə yetirmək məqsədi ilə İran Azərbaycanı klassik musiqisi intonasiyalarından istifadə etmişəm.
1948-ci ilin dekabrında oynanılan "Nizami" operasının musiqi dili, ahəngi, melodik xüsusiyyəti haqqında doğru və dürüst təsəvvür əldə etmək üçün operadakı ariyaların Bülbülün ifasında yazılmış lentlərini dinləmək kifayətdir. Bütün əsər o üslubda bəstələnmişdir.
Məmməd Səid Ordubadi Azərbaycanda opera sənətinin inkişafı işində məhsuldar çalışan istedadlı bir yazıçı kimi Azərbaycan musiqi teatrı tarixində şərəfli yer tutan görkəmli sənətkardır.
“Ədəbiyyat və incəsənət”, 18 noyabr 1972
|