Xalqlar dostluğu. Millətlər mehribanlığı.
İnsansevərlik, insanpərvərlik!.. Əsrlərdən
bəri istər şifahi xalq ədəbiyyatı
nümunələrində, istərsə də
mütərəqqi fikirli sənətkarların
əsərlərində məhəbbət və
səmimiyyətlə tərənnüm edilən
nəcib və müqəddəs arzu…
Əsrlərdən bəri millətlərin bir-birinə
ünsiyyət həvəsinə və dostluq
meylinə qarşı maniələr törədən
dini ehkamlar və mürtəce təsəvvürlərin
törətdiyi faciələr… "Şeyx Sənan",
"Əsli və Kərəm"… "Bahadır və
Sona", "1905-ci ildə"…
Qoy məni oxucularımız sitatçılıqda
məzəmmətləməsinlər. Məncə,
oxuduğumuz, baxdığımız, dinlədiyimiz
bir çox bədii sənət nümunələrini
daha düzgün anlamaq, qayəsini daha yaxşı
dərk etmək üçün çox vaxt əsər
müəllifinin söylədiyi fikir və mülahizələrlə
də "hesablaşmaq" lazımdır.
Nəriman Nərimanov, Üzeyir Hacıbəyov,
Cəfər Cabbarlı…
" - "Bahadır və Sona" romanını yazan mənəm…
Bu romanda təhsil görmüş, əqilli,
ürəyi təmiz və öz xalqını
sevən erməni qızı Sona və habelə,
öz xalqını istəyən müsəlman
tələbəsi Bahadır bir-birini sevir və
millətlərinin arasında dostluq yaratmaq üçün
ciddi əlləşirlər. Arzularına çatmamış
məhv olurlarsa da, hər ikisinin etiqadı bu
olur ki, bu millətləri bir-birindən aralayan
hər bir səbəb gələcəkdə
ortadan götürülər; yeni bir işıq
parlar ki, bunun sayəsində hər bir qurama səbəb
qaldırılar... O zaman türk, (Azərbaycan
- red:) erməni və gürcü kəlmələri
artıq ortadan çıxar…" (N. Nərimanov, Məqalə
və məktubları, Bakı, 1952, s. 26).
Nəriman Nərimanov özünün dərin
ictimai məzmunlu "Bahadır və Sona" əsərində
iki gəncin məhəbbətinə dini etiqadların
necə əngəl törətdiyini əsil
sənətkar fırçası ilə təsvir
edir. Köhnə dünyada azad düşüncə,
mütərəqqi ideyalar ilə dini ehkamlar arasında
barışmaz ziddiyyətin törətdiyi nakam
məhəbbət mövzusu, Nəriman Nərimanovun
eyni adlı romanı üzrə Süleyman Ələskərovun
bəstələdiyi "Bahadır və Sona" operasında
da öz bədii əksini tapmışdır.
Dini ayrı oğlan və qızın saf və
səmimi məhəbbətinin feodal münasibətləri
şəraitində uğursuzluğu Üzeyir
Hacıbəyovun hələ inqilabdan qabaq yaratdığı
"Şeyx Sənan" və "Əsli və Kərəm"
operalarında da göstərilir.
1929-cu il ardıcıl olaraq "Od gəlini", "Sevil"
və "Almas" pyeslərinə bəstələdiyim
musiqidən razı qalan C. Cabbarlı, Zaqafqaziya
xalqlarının mədəni birliyi aylığında
iştirak etməyə dəvət edildikdə,
mənim Şuşada olacağımı bilincə
dedi: "Nə olsun, Şuşaya gələcəyəm.
Bərabər İsa bulağına, Turşsuya
gedərik".
Biz Dağlıq Qarabağda bir neçə azərbaycanlı
və erməni toylarına dəvət olunduq.
Yaxşı yadımdadır, Cəfər mənə
dedi: "Fikir verirsənmi, getdiyimiz bütün toylarda
bir qayda olaraq, xanəndələr mütləq
azərbaycanlı, kamançaçı isə
mütləq erməni idi. Tarçılar isə
həm azərbaycanlı, həm də ermənilərdən
olur. O ki, qaldı bunların ifa etdikləri musiqiyə,
doğrusu, mən yaxşı ayırd edə
bilmirəm...".
Vaxtı ilə çarizmin məşhur şüarı
olan "Parçala, hökm sür!" müstəmləkə
siyasətinə görə bir-birinin üzərinə
qaldırılan Azərbaycan və erməni xalqlarının
sovet dövründə mehriban və səmimi
dost münasibəti Cəfəri vəcdə
gətirmişdi.
" - Mən Gürcüstanda, Ermənistanda və
Dağlıq Qarabağda olduğum zaman müxtəlif
millətlərə mənsub olan adamlara rast gəldim.
Bunlar sakitcə sosializm quruluşu ilə məşğul
idilər. Mən köçərilərə
təsadüf etdim, sürünün yanında
bir azərbaycanlı qadın yeriməkdə
idi. O, çadrasız idi. Bu dəfə də
başqa bir qadına rast gəldim. Bu, erməni
qadını idi. Bu da tamamilə birinci qadın
kimi geyinmişdi: birinci nəzərdə bunları
bir-birindən ayırmaq çətindi. Bu xalqların
ev əşyası, kənd təsərrüfat
alətləri, adətləri, nəğmələri
və rəqsləri bir-birinin eyni idi. Əslində,
bu iki xalq vahid bir xalq təşkil edir. Elə
isə, bəs bu xalqları bir-birinə qarşı
qanlı vuruşmalara nə məcbur etmişdir?
Bu məsələni dərindən öyrənməyə
başladım. Beləliklə, kütlənin
nəzərini inqilabdan uzaqlaşdırmaq məqsədilə
bu iki qardaş xalqı bir-biri üzərinə
salışdıran rus çarizminin müstəmləkə
siyasətini göstərən bir pyes üzərində
işləmiş oldum və 1905-ci ili bu milli
vuruşma üçün bir fon seçərək
"1905-ci ildə" əsərini yazdım". ("Ədəbiyyat"
qəzeti, 1934-cü il, ? 9).
… 1939-cu ilin noyabr ayı idi. Bundan bir il əvvəl
Moskvada Azərbaycanın birinci incəsənət
ongünlüyü keçirilmişdi. Bir az əvvəl
1939-cu ilin oktyabrında Moskvada Ermənistanın
birinci incəsənət ongünlüyü
olmuşdu və erməni sənət ustaları
Moskvadan Yerevana qayıdarkən bir qədər
Bakıda qalmalı, paytaxt musiqi ictimaiyyəti
qarşısında nümayiş etdirdikləri
musiqi əsərlərindən bəziləri
ilə Bakı zəhmətkeşlərini də
yaxından tanış etməli idilər.
Mirzə Fətəli Axundov adına Azərbaycan
Lenin ordenli Opera və Balet Teatrının tamaşa
salonunda boş yer yox idi. Dinləyicilər erməni
ifaçılarının hər çıxışını
gurultulu alqışlarla qarşılayırdılar.
Fasilədə mən teatrın direktorunun kabinəsinə
çağırıldım. İçəri
girdim, gördüm ki, o zamankı direktor Şövkət
Məmmədova, teatrın baş rejissoru İsmayıl
Hidayətzadə, artistlərdən Bülbül,
Hüseynağa Hacıbababəyov və başqaları
erməni opera sənətinin banisi, məşhur
bəstəkar Armen Tiqranyanla mehriban söhbət
edirlər. Şövkət xanım məni bəstəkara
təqdim edib dedi:
- Armen Tiqranoviç, bayaq sizə dediyim haman gənc
bəstəkar və dirijor bu yoldaşdır.
Hazırda, biz onun birinci Azərbaycan baleti olan
"Qız qalası" əsərini hazırlayırıq.
O, vaxtı ilə R. M. Qlierə "Şahsənəm"
operasının Azərbaycan dilində olan mətnini
musiqiyə uyğunlaşdırmaq və klavirinin
yeni, son variantının tərtib olunması
işində yaxından yaradıcılıq
köməyi göstərib. Məncə, sizin
operanızın Azərbaycan dilinə tərcüməsini
məhz ona tapşırmaq məqsədə müvafiq
olar. Çünki, musiqilə mətnin həmahəng
səslənməsi üçün şerlə
musiqinin vəhdətini bilən mütəxəssis
lazımdır.
Söhbətin nə ətrafında getdiyini hələ
dərk edə bilmədiyimi duyan İsmayıl
Hidayətzadə dilləndi: Yoldaşların
belə bir fikri var ki, əziz qonağımız,
möhtərəm erməni bəstəkarı
Armen Tiqranoviçin "Anuş" operasını Azərbaycan
dilində teatrımızda oynayaq. İndi həmin
operanın mətninin Azərbaycan dilinə tərcüməsini
sənə tapşırmağı məsləhət
görürlər…
1941-ci ilin may ayında "Anuş" operası mənim
tərcüməmdə səhnəmizdə tamaşaya
qoyuldu. (Tamaşanın musiqi rəhbəri və
dirijoru - Əfrasiyab Bədəlbəyli, quruluşçu
rejissoru - İsmayıl Hidayətzadə, rəssamı
- İzzət Seyidova; Anuş - Şövkət
Məmmədova, Saro - Bülbül, Mosi - Ağababa
Bünyadzadə).
Tamaşa böyük müvəffəqiyyətlə
keçdi. "Anuş"un Azərbaycan səhnəsində
oynanılması münasibətilə verilən
ziyafət məclisində müəllifin dediyi
sağlıq indi də xatirimdədir:
- Siz ey ev sahibləri, mənim əziz dostlarım!
Qoy indi deyəcəyim sözlər sizə qəribə
görünməsin. Mən neçə vaxtdan
bəri ürəyimdə saxladığım
bir həqiqəti bu gün burda açıq etiraf
etmək istəyirəm. Sizə məlum olsun
ki, mənim bu ilk erməni opera əsərim olan
"Anuş"un yaranmasının əsil səbəbkarı
yanımda oturan sevimli dostum Üzeyir Hacıbəyovdur!..
Hamı, o cümlədən Üzeyir bəyin
özü də təəccüblə nəzərini
bəstəkarın üzünə tərəf
çevirərək, nə demək istədiyi
ilə yaxından maraqlandı.
- Bəli, bəli, elədir ki, var. Mən 1908-ci
ildə Üzeyir Hacıbəyovun "Leyli və
Məcnun" operasını ilk dəfə dinlədikdə
o qədər ruhlandım, o qədər vəcdə
gəldim ki, özüm də opera yazmaq həvəsinə
düşdüm. Dörd il, yəni 1908-ci ildən
1912-ci ilə kimi "Anuş" operası üzərində
çalışdım. Mən də operamın
librettosunu özüm tərtib etməli oldum.
Nəhayət, 1912-ci il avqust ayının 4-də
Aleksandropol (indiki Leninakan) (hal-hazırda Gümri
- İ.Q.) şəhərinin xalq evində "Anuş"
operasının ilk tamaşası verildi. Beləliklə,
erməni opera sənətinin təməl daşı
qoyuldu. Bir il sonra, daha doğrusu, 1913-cü il
may ayının 3-də "Anuş" Bakıda, həmin
bu teatr binasında oynanıldı. Yaxşı
yadımdadır, o zaman Saro rolunu oynayan Şara
Talyan ilə sizdə Məcnun rolunu oynayan Hüseynqulu
Sarabski çox dostlaşmışdılar…
"Anuş" operasının Bakıda Azərbaycan
dilində oynanılması kimi əlamətdar,
mühüm mədəni hadisəyə, bir növ,
dostluq cavabı olaraq, 1942-ci ildə Yerevanda A.
Spendiarov adına Opera və Balet Teatrında erməni
dilində "Koroğlu" operası tamaşaya qoyuldu.
Böyük Vətən müharibəsi illərində
Zaqafqaziya sovet respublikaları xalqlarının
musiqi rabitəsi daha da möhkəmləndi. 1944-cü
ilin dekabrında Tbilisidə keçirilən Gürcüstan,
Ermənistan və Azərbaycan musiqi incəsənəti
ongünlüyü bu sarsılmaz dostluq ülfətinin
parlaq nümayişinə çevrildi. Bu gözəl
ənənə sonralar davam etdirildi, "Zaqafqaziya
musiqi baharları" keçirildi. Bu baxımdan, gənc
musiqi ifaçılarının ardıcıl
olaraq Tbilisi, Yerevan və Bakıda keçirilən
müsabiqələrini də xüsusi qeyd etməliyik.
1945-ci ildə gürcü bəstəkarı
V. İ. Dolidzenin "Keto və Kote" komik operası
Azərbaycan dilində musiqili komediya teatrında
oynanılmışdır. Hazırda bu əsər
Ş. Qurbanov adına Azərbaycan Musiqili Komediya
Teatrında yeni quruluşda hazırlanır.
1960-cı ildə opera teatrımızda böyük
gürcü bəstəkarı Zaxari Paliaşvilinin
"Daisi" operası göstərildi; 1961 və 1962-ci
illərin yayında opera və balet teatrımızın
bütün yaradıcı heyəti Yerevanda qastrol
səfərində oldu; Azərbaycan opera və
balet sənətinin yeni nailiyyətləri ilə
erməni musiqi ictimaiyyətini bir daha, yaxından
tanış etdi. 1963-cü ildə Gürcüstan
Opera və Balet Teatrının Bakıya, eyni
zamanda, bizim teatrımızın Tbilisiyə qastrol
səfəri də bu iki dost və mehriban xalqın
musiqi teatrı tarixində yeni bir səhifə
açdı.
Azərbaycan musiqi sənətinin qardaş xalqlarla
qarşılıqlı rabitə salnaməsi
olduqca zəngindir.
Hazırda Qara Qarayevin "Yeddi gözəl" və
"İldırımlı yollarla", Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baletləri
Sovet İttifaqının bir çox şəhərlərində
və xarici ölkə teatrlarında böyük
müvəffəqiyyətlə nümayiş
etdirilir.
Zəmanəmizin mahir dirijoru Niyazinin rəhbərliyi
ilə Üzeyir Hacıbəyov adına Dövlət
simfonik orkestri qardaş respublikaların dinləyicilərini
sovet bəstəkarlarının yaratdığı
yeni simfonik əsərlərlə müntəzəm
surətdə tanış edir.
1972-ci il sentyabr ayında respublikamızda keçirilən
RSFSR ədəbiyyatı və incəsənəti
günləri musiqi sənətimizi daha da zənginləşdirən
əlamətdar bir yaradıcılıq bayramına
çevrildi.
Əsrlərdən bəri millətlərin bir-birinə
ünsiyyət həvəsi, səmimi dostluq arzusu
Lenin milli siyasəti sayəsində xəyaldan
həqiqətə çevrildi.
"Ədəbiyyat və incəsənət", 06
yanvar 1973
|