Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

"ŞƏBİ-HİCRAN YANAR CANIM..."

Azərbaycanda opera sənətinin yaranması ölkənin inkişaf tarixində böyük ictimai hadisələr, sinfi mübarizələr, siyasi toqquşmalar dövrünə təsadüf edir.

Dünya zəhmətkeşlərinin dahi rəhbəri Vladimir İliç Leninin "Asiyanın oyanması" sərlövhəli məqaləsində göstərdiyi kimi 1905-ci il rus inqilabi hərəkatı Asiyanı qəti olaraq oyatmışdı; orta əsr durğunluğunda yabaniləşmiş ?üz milyonlarla məzlum, əzilmiş əhali yeni həyat, insan hüququ, demokratiya uğrunda mübarizəyə qalxmışdı.

Mütləqiyyətə, kapitalizm və feodalizm cəmiyyətinin amansız qanunlarına, haqsızlıqlara qarşı xalqın qəzəb və etirazının, kin və nifrətinin coşub-daşdığı bir dövrdə həyatının mənasını xalqa xidmətdə görən Azərbaycan ziyalıları - ədiblər, incəsənət xadimləri, tarixi şəraitin çətinliklərinə baxmayaraq, öz yaradıcılıqlarını maarif və mədəniyyət məsələlərinə doğru yönəltdilər.

İnqilabi hərəkatın son dərəcə qüvvətləndiyi bu dövrdə Qori müəllimlər seminariyasını yenicə bitirib Bakıda müəllimliyə başlayan gənc Üzeyir Hacıbəyov da ən fəal surətdə "Şərq-Rus", "İrşad", "Tərəqqi" qəzetlərində mühərrirliyə başlayır, məqalələr, felyetonlar çap etdirir. O, bu yazılarında çar üsul-idarəsindəki bürokratlığı, hakim təbəqələrin kütbaşlığını, geriliyi, cəhaləti böyük bir hərarətlə tənqidə tutur.

Üzeyir Hacıbəyov da öz müasirləri olan Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov kimi, ümumiyyətlə, teatr sənətinin estetik təsir qüdrətindən səmərəli istifadəni vacib bilmiş və teatrı kütlələrin mədəniyyətə qovuşması üçün mühüm tərbiyə vasitələrindən biri hesab etmişdir.

Üzeyir Hacıbəyovun ilk opera əsəri "Leyli və Məcnun" düz 65 il bundai əvvəl - 12 (25 yanvar 1908-ci ildə - birinci rus inqilabının məğlubiyyətindən sonra irticanın daha da azğınlaşdığı bir dövrdə tamaşaya qoyulmuşdur. İctimai və tarixi şəraitin çətinliklərinə baxmayaraq, bütün Yaxın və Orta Şərq xalqlarının, daha doğrusu bütün müsəlman Şərqi xalqlarının mədəniyyət tarixində birinci olaraq opera janrı və opera tamaşası məhz Azərbaycanda, Bakıda yarandı. Azərbaycan opera sənətinin ilk şah əsəri olan "Leyli və Məcnun"un yarandığı tarixi şəraitdə, tərəqqipərpər ziyalıların və o cümlədən gənc Üzeyir Hacıbəyovun cəsarətli çıxışları ilə bərabər, bəstəkarı bu tarixi işə həvəsləndirən daha nə kimi amillərin olması məsələsi də operaşünaslığımızı məşğul eden problemlərdən biridir. Bu barədə, bir qayda olaraq Üzeyir Hacıbəyovun öz sözlərinə istinad və müraciət edilir.

Məlumdur ki, Üzeyir Hacıbəyov Moskvada keçirilən birinci Azərbaycan incəsənəti ongünlüyü ərəfəsinda - 1938-ci il mart ayında çap etdirdiyi "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" sərlövhəli məqaləsində belə yazır: "Leyli və Məcnun" necə yaranmışdır? Mən bu opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin məndə bu ideya hələ xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, yəni mən 13 yaşında ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı qarşısında" musiqili səhnəciyə baxdıqdan sonra yaranmışdı. Həmin tamaşa mənə o qədər dərin təsir bağışladı və o qədər məni həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya köçdükdə operaya bənzər bir şey yazmaq qərarına gəldim. Bunun üçün mən xalq yaradıcılığının klassik nümunələri olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə tutmuşdum. Vəzifəm ancaq Füzuli poemasının sözlərinə forma və məzmunca zəngin, rəngarəng muğamlardan musiqi seçmək, əsərdəki dramatik hadisələrin inkişafını münasib tərzdə qurmaqdan ibarət idi".

Məlum olduğu kimi, istər daşıdığı məzmun, istərsə də musiqi forması etibarı ilə Azərbaycan xalq musiqi yaradıcılığının ən zəngin, ən bitkin və musiqi dramaturgiyası baxımından ən mürəkkəb qismi muğamatdır. Muğamat öz kompozisiyası etibarı ilə musiqinin iri formalı janrına mənsubdur. Muğamat xalq musiqi təfəkkürünün dərin mənalı, aydın və səlis ifadəli parlaq yaradıcılıq məhsuludur. Muğamatın bu qiymətli cəhətlərini və xüsusilə muğamatın geniş kütlə tərəfindən sevilən musiqi olduğunu nəzərə alsaq, Azərbaycan operasının banisi Üzeyir Hacıbəyovun öz ilk opera əsərini məhz muğamat və xalq mahnıları əsasında tərtib etməsi təşəbbüsünün tamamilə həyati olması aydınlaşar.

Üzeyir Hacıbəyov özünün inqilabdan əvvəl yaratdığı bütün operalarında hansı muğamın hansı qəzələ daha müvafiq olduğunu və hansı səhnə şəraitində, hansı muğamdan istifadə etməyin daha münasib olduğunu böyük bir sənətkar zövqü və həssaslığı ilə müəyyənləşdirmişdir. Bu isə əsərdə psixoloji təbiiliyin yaranması və musiqi ifadəsinin münasib intonasiyalar üzərində qurulmasını təmin etmişdir.

Beləliklə, 65 il bundan əvvəl böyük Azərbaycan rejissoru və aktyoru Hüseyn Ərəblinskinin quruluşu və rejissorluğu, Azərbaycan teatrının fəxri Hüseynqulu Sarabskinin baş rolda iştirakı və görkəmli muğam ustası, mahir tarzən Qurban Primovun ürəklərə yol açan gözəl çalğısı ilə, birinci Azərbaycan professional bəstəkarı, Azərbaycan xalqının mədəniyyətinə, onun bədii-ictimai təfəkkür tarixinə böyük bəstəkar, qüdrətli musiqi alimi kimi daxil olan Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası müqəddiməsinin ilk xoş sədaları səsləndi. Tamaşada iştirak edən solistlər və xor, orkestrin müşayəti ilə, könüllər və fikirlər hakimi dahi Füzulinin ürəkyaxıcı

Şəbi hicran yanar canım... - sözlərini oxumaqla Yaxın və Orta Şərq musiqi tarixində yeni və parlaq səhifənin açıldığını elan etdilər.

“Ədəbiyyat və incəsənət”, 27 yanvar 1973
 
HƏR AN MUSİQİ İLƏ

Daşıdığı dərin məzmun, yüksək bədii keyfiyyəti ilə müasir rus sovet musiqisini dünyanın ən qabaqcıl musiqi sənəti səviyyəsinə qaldıran qüdrətli bəstəkarlardan S.Prokofyev. D.Şostakoviç, D.Kabalevski ilə yanaşı Tixon Nikolayeviç Xrennikovun da adı hörmətlə çəkilir.

O, 40 ildən bəri musiqi sənətinin bir çox janrları üzrə yaratdığı parlaq və bitkin əsərləri ilə geniş dinləyici kütləsinin qəlbinə yol tapmışdır.

Bu müddət ərzində bəstələdiyi operalar, simfoniyalar, musiqili komediyalar, fortepiano, violonçel, skripka üçün konsertlər, kino-filmlərə, dram tamaşalarına yazdığı əsərləri ilə yanaşı, bir-birindən gözəl, mənalı və ürəyəyatan, ruhu oxşayan mahnıları da böyük şöhrət qazanmışdır. Xrennikov deyir:

- Mən musiqinin müstəsna qüdrətinə qailəm. Mən özüm şəxsən musiqinin insan cəmiyyətindəki ictimai-siyasi və tərbiyəvi gücünün dəfələrlə şahidi olmuşam...

Müasir mövzuda opera əsərləri yaradan sovet bəstəkarları içərisində məhz Xrennikov birinci olaraq özünün "Fırtınaya doğru" adlı operasında dünya zəhmətkeşlərinin dahi rəhbəri Vladimir İliç Lenin obrazının təcəssümünə nail olmuşdur.

N.Y.Virtanın "Tənhalıq" romanı mövzusunda bəstələnən "Fırtınaya doğru" opera əsəri -Xrennikov musiqi yaradıcılığının ən parlaq səhifələrindən biridir. Bu əsər Sovet İttifaqının bir çox şəhərlərində, o cümlədən Moskva, Leninqrad, Kiyev, Sverdlovsk, Saratov, Xarkov, Qorki, Daşkənd, Ulan-Ude, Kazan, Ufa, Alma-Atada və həmçinin xarici ölkələrdə böyük müvəffəqiyyətlə oynanılmışdır.

Maksim Qorkinin "Ana" romanı əsasında bəstələdiyi eyni adlı operası da tarixi-inqilabi mövzuda yazılan musiqi əsəri kimi dinləyicilərin rəğbətini qazanmışdır.

Yazıçı Averkiyevin pyesi üzrə bəstələdiyi "Frol Skobeyev" komik operasında qədim Rusiyanın gündəlik məişətində təsadüf edilən məzəli hadisələrdən, gülməli əhvalatlardan danışılır.

Xrennikov musiqisi nikbinlik, gümrahlıq, səmimilik duyğuları ilə aşılanmışdır. Eyni zamanda incə yumor, məzəlilik, sağlam gülüş əhval-ruhiyyəsi də onun yaradıcılığının əsas məziyyətlərindən biridir.

Böyük istedad sahibi olan Tixon Xrennikov həm də mahir pianoçudur. O, hələ tələbəlik illərində fortepiano ilə simfonik orkestr üçün bəstələdiyi birinci konsertini 1935-ci ildə Leninqradda keçirilən ikinci beynəlxalq incəsənət festivalında müvəffəqiyyətlə ifa etmiş və sonradan bu əsər bir çox pianoçunun repertuarına daxil edilmişdir.

Müəllif fortepiano ilə simfonik orkestr üçün ikinci konsertini də dəfələrlə istər Vətənimizdə, istərsə də xarici ölkələrdə ifa etmişdir. O, bu əsərini Bakıda da çalmış, filarmoniyamıza toplaşan Azərbaycan dinləyiciləri müəllifi hərarətlə qarşılamışlar.

Söhbətlərinin birində Xrennikov belə deyir:v - Mən musiqi aludəçisiyəm. Əgər musiqidən başım ayılsa, bəlkə başqa bir şeyə də meylim olardı. Bəstəkar var gücünü, bütün vaxtını məhz ona - musiqiyə sərf etməlidir.

Buna baxmayaraq, Xrennikov müstəsna zəhmətsevərliyi sayəsində ictimai işlərdə də fəal çalışır və çox səmərəli, faydalı, lazımlı işlər görür. Gözəl işgüzarlığına görə də öhdəsinə götürdüyü işləri layiqincə yerinə yetirir. O, Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü, SSRİ Ali Sovetinin deputatı, SSRİ Bəstəkarlar İttifaqının birinci katibi, Sülhü Müdafiə Komitəsinin üzvü kimi şərəfli vəzifələr daşıyır. Bütün bu işləri ilə yanaşı professor T.Xrennikov bir müəllim kimi də səmərəli çalışır, istedadlı tələbələrinin yüksək bəstəkarlıq texnikasına mükəmməl yiyələnməsinə xüsusi diqqət yetirir.

Xrennikovun "Yüz şeytan və bir qız" adlı operettasında komsomolçuların avam, dindar təriqətçilərlə mübarizəsi vəsf edilir. Bu əsər Vətənimizin bir çox şəhərlərində, o cümlədən Bakıda, Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanılmışdır.

Tixon Xrennikov öz məhsuldar, səmərəli, parlaq yaradıcılığının yetkin, dolğun və mənalı çağında yaşayır. Musiqini sevən və duyan sovet xalqı arzu edir ki, T. Xrennikov tükənməz çalışqanlığı, dərin ilhamı, coşğun yaradıcılıq iqtidarı ilə bundan sonra da sovet musiqi sənətini öz yeni əsərləri ilə zənginləşdirsin.

“Ədəbiyyat və incəsənət”, 16 iyun 1973

 

 
     
        © Musigi Dunyasi, 2007