Dünya musiqi sənəti
xəzinəsini öz bitkin klassik əsərləri
ilə zənginləşdirən dahi bəstəkarların
yaradıcılıq prosesini tarixən izləmək
musiqişünaslığın əsas vəzifələrindən
biridir. Çünki bəstəkarın əsərinə
düzgün qiymət vermək üçün
onun keçirdiyi iş mərhələlərini
diqqətlə araşdırmaq faydalı olur.
Məhz buna görə də öz musiqioloji
işinə ciddi yanaşan hər bir musiqişünas,
haqqında yazdığı bəstəkarın
şəxsi yaradıcılıq laboratoriyasında
"eşələnməyi" zəruri hesab edir. Biz
bunu böyük rus sənətşünası
V. Stasovun "qüdrətli dəstə" bəstəkarları
haqda, görkəmli fransız yazıçısı
və musiqişünası Romen Rollanın məşhur
Qərbi Avropa bəstəkarları Bethoven, Motsart
və başqaları haqda, sovet musiqişünası
akademik B. Asafyevin Qlinka haqda, nəhayət, müasir
sovet musiqişünasları , Y. Keldış,
B. Yarustovski və başqalarının sovet bəstəkarları
haqda yazdıqları "monoqrafiyalarda, məqalələrdə
görürük.
Mən böyük Üzeyir Hacıbəyovun opera və operetta əsərləri barədə dərc olunmuş elmi-tədqiqat işləri içərisində bəstəkar Əşrəf Abbasovun və musiqişünas Xanlar Məlikovun yazılarını bir çox başqa monoqrafik əsərlərdən ona görə üstün tuturam ki, onlar başqa bir çox müəlliflərdən fərqli olaraq, sadəcə təsvirçilik yolu ilə getməyib, haqqında bəhs etdiyi musiqi nömrəsinin məzmununa, mahiyyətinin və mənşəyinin izahına xüsusi diqqət yetirirlər. Bunun üçün onlar, əsərdəki hər bir musiqi epizodunun xalq musiqisi yaradıcılığında olan ekvivalentini, onun folklor məxəzini araşdırıb tapır və bəstəkarın xalq musiqi nümunələrindən ayrı-ayrı hallarda necə, nə şəkildə istifadə etdiyini, onu öz musiqi təfəkkürünə uyğun olmaq şərtilə nə sayaq, nə tərzdə yenidən yaratdığını inandırıcı dəlillər ilə şərh və təfsir etməyə çalışırlar.
Bu baxımdan mən həmin məsələ ilə əlaqədar olan, lakin hələlik mətbuat səhifələrimizdə öz əksini tapmayan bir məsələ üzərində dayanmağı zəruri hesab edirəm. Söhbət musiqi əsərlərinin, təhlili və tənqidi işinə nə kimi mövqedən yanaşmaq üzərindədir. Bu işə əslində iki cür münasibət ola bilər: biri dayaz, o biri dərin.
Bu nə deməkdir? Bu o deməkdir ki, çapdan çıxmış, ya da teatrın not kitabxanasında olan hazır klavirləri əsas kimi götürüb (həm də çox vaxt teatrın əsərə özbaşına, məntiqsiz təbdil və uydurma əlavələrini də müəllifin adına yazmaqla) bu minval ilə əsəri təhlil etmək bir başqadır; bəstəkarın öz əsərini yaratdığı dövrdə və həm də sonradan özünün lazım bildiyi dəyişmələri aydınlaşdırıb əsərin son variaitına çatdırılması prosesini tarixən və elmi baxımdan muəyyənləşdirmək də bir başqadır. Söz yox, bunlardan birincisi - dayaz, ikincisi dərin tədqiqat hesab edilməlidir. Bir-birinə zidd olan bu iki növ yanaşmadan ikincisi musiqişünasdan ciddi axtarış, gərgin elmi izləmə və böyük zəhmətsevərlik tələb edir. Bu işdə müvəffəq olmaq üçün hazır klaviri evdə oturub məktəbli kimi təhlil etmək yaramaz; əksinə - burada tarixi sənədləri, arxiv materaallarını, əlyazmalarını birər-birər hövsələ ilə dərindən və hərtərəfli yoxlayıb dönə-dönə süzgəcdən keçirdikdən sonra qeydə almaq lazımdır. Bu prinsipə riayət etməyən (istər musiqi savadı olmayan özfəaliyyət "musiqişünas", istərsə də musiqi savadına tam mənasilə yiyələnmiş, professional musiqişünas) - hər bir musiqişünasın "elmi işi" adətən kobud faktik səhvlər, özündən uydurma, dəlilsiz-sübutsuz hökmlər, yanlış mülahizələrdən xali olmur.
Bilindiyi kimi, həyatının mənasını bütün varlığı ilə xalqına xidmət etməkdə görən, sənətdə xəlqilik, musiqi dilinin saflığı və milli müəyyənlik məsələsinə xüsusi əhəmmiyyət verən Üzeyir Hacıbəyov, hər bir əsərini qəlbən və fikrən yaşayaraq yaratmış, öz musiqi yaradıcılığına daim tələbkar və tam ciddiyyətlə yanaşmışdır. Məhz bu səbəbdəndir ki, böyük bəstəkar əsərinin hər səhifəsini, hər parçasını dönə-dönə cilalayır, lazım, gəldiyi halda tamamilə yenidən bəstələyirdi. Burada həm mətn, həm də musiqi büsbütün yeni şəkildə, yeni biçimdə yaradılırdı.
Bu cəhətdən müəllifin şah əsəri olan "Koroğlu" üzərində çalışma prosesi olduqca maraqlı və səciyyəvidir.
Belə hesab etmək qəbul olunubdur ki, Üzeyir Hacıbəyov "Koroğlu" operası üzərində dörd il çalışmışdır. Lakin əsərin bəzi musiqi parçalarının melodikasının müəllifin zehnində daha çox-çox əvvəllərdən nəqş bağladığı da məlumdur. Məsələn, məlumdur ki, vaxtı ilə 1922-26-cı illərdə ilk Azərbaycan musiqi məktəbində, həmin məktəbin müdiri Üzeyir Hacıbəyovun ibtidai musiqi nəzəriyyəsi sinfində solfeciodan imla dərslərində pianoda çalaraq öz xoş avazı ilə oxuduğu: "Allahdan buyruq,- ağzıma quyruq, quyruq" sözlərinə aid bədahətən oradaca, dərsdə bəstələdiyi melodiyası, sonradan "Koroğlu" operasının üçüncü pərdəsində "Çənli bel ölkəm, - hər yeri möhkəm, möhkəm" xorunun əsasını təşkil etdi.
1935-ci il... Bəstəkarlıq və dirijorluq üzrə biliyimi təkmilləşdirmək məqsədilə Leninqradda oxuyur, həm də Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijor assistenti vəzifəsində çalışırdım.
Məktəblərdə qış tətili günlərində Leninqraddan Bakıya gəldikdə xəbər tutdum ki, bir neçə gündən sonra Üzeyir Hacıbəyovun yeni opera əsəri "Koroğlu"nun birinci pərdəsinin ictimai dinləyişi təşkil olunasıdır. Teatrda həmin dinləyiş ilə əlaqədar ciddi hazırlıq işləri aparılırdı. Teatrın yaradıcı kollektivi bütünlüklə səfərbərliyə alınmış, "Koroğlu" qarşısında "Yaşıl küçə" açılmışdı; solistlər, xor, orkestr böyük ruh yüksəkliyi və həvəslə məşq etməkdə idilər. Dinləyişin musiqi hissəsinə (solistlərin əvvəlcə siniflərdə aldıqları dərslərə, sonra orkestr ilə məşğələlərə) müəllif şəxsən özü rəhbərlik edirdi.
Respublikamızın musiqi ictimaiyyəti bu dinləyişi səbirsizliklə gözləyir, xüsüsilə əsərin nə səpkidə bəstələndiyi məsələsinə böyük maraq göstərirdi. Axı, "Koroğlu" Üzeyir Hacıbəyovun inqilabdan sonra musiqi teatrı üçün yazdığı ilk əsəri idi. Digər tərəfdən, Azərbaycan operasının vəziyyəti və onun inkişaf problemləri üzrə 1924- 1928-ci illərdə mətbuat səhifələrində qızğın mübahisələr zamanı muğam operaları əleyhdarları tərəfindən kəskin tənqidin əsas hədəfinin məhz Üzeyir Hacıbəyovun olması da hamının xatirində idi. Həm də cəmisi bir il əvvəl, 1934-cü ilin may ayında oynanılan və özündə bəstəkarlıq texnikasının ən yüksək nailiyyətlərini əks etdirən, opera sənətinin parlaq nümunəsi kimi qiymətləndirilən "Şah Sənəm" operasından sonra indi Üzeyir Hacıbəyovun nə üslubda, nə kimi bədii səviyyədə əsər ilə çıxış edəcəyi hamını yaxından düşündürürdü. Qeyd etmək lazım gəlir ki, həmişə olduğu kimi, bu dəfə də teatr, fövqəladə əhəmiyyəti olan öz yeni və böyük yaradıcılıq işinin mahiyyətini və keyfiyyətini hər nə qədər gizlində saxlamağa cəhd edir (ola bilsin ki, bu, həm də müəllifin arzusu idi) və vaxtından əvvəl ictimaiyyətə bildirmək istəmirdisə də, şəhərdə "Koroğlu"nun musiqisi haqqında yalnız müsbət rəylər gəzməkdə idi.
Dinləyiş günü teatr binasına daxil olmaq asan deyildi.
Dinləyiş komissiyasının, üzvlərinə makinada çap olunmuş bir neçə ədəd proqram gətirildi. Bu proqramlardan birini alıb üzünü köçürdüm. İndi çox qəribə görünsə də, o zaman "Koroğlu" operasının birinci pərdəsində rollar aşağıdakılardan ibarət idi:
1. XOR - (birinci və ikinci tenorlar, birinci və ikinci baslar);
2. VƏLİ
3. NADİR
4. BƏHMƏN
5. BALAKİŞİ - kəndlilər (tenorlar)
6. YARAŞIQ
7. İSABALA
8. DƏMİRÇİ OĞLU
9. MƏRDAN
10. ALI - Rövşənin atası (tenor),
11. RÖVŞƏN - Koroğlu (dramatik tenor).
12. NİGAR - Rövşənin sevgilisi və Həsən xanın istəklisidir, (lirik-dramatik soprano)
13. ÇİMNAZ - Xan evinə gedib-gələnlərdən və Nigarın sirdaşıdır - (metso - soprano)
14. QIZLAR XORU (soprano və altolar)
15. BÖYÜK - xan adamlarının başçısıdır - (tenor, bariton da ola bilər)
16. Bir dəstə silahlı xan adamları.
1937-ci ilin baharında "Koroğlu" böyük müvəffəqiyyətlə oynanıldı. Mən birinci pərdədən sonra fasilədə səhnə arxasında tamaşanın dirijoru və əsərin müəllifi ilə görüşdükdə, söz gəlişi ondan soruşdum:
- Bəs iki il əvvəl dinləyişdə iştirak edən Balakişi, Yaraşıq, İsabala, Çimnaz kimi obrazlar nə üçün heç görünmədilər?
- Ona görə ki, onlarsız da keçinmək olarmış, - deyə Üzeyir Hacıbəyov adəti üzrə bığlarını eşərək cavab verdi. Sonra əlavə olaraq:
- Madam ki, onlarsız da keçinmək olarmış, deməli, onlar artıq adamlarmış. Səhnədə isə o cür artıq personajlar əl-ayağa dolaşır və tamaşaçını çaş-baş salır.
Səhnə qanunlarına yaxşı bələd olan, dramaturgiya qaydalarını mükəmməl bilən böyük bəstəkarın bu inandırıcı və qəti sözündən sonra mən artıq cəsarət edib soruşa bilmədim ki, bəs Rövşənin öz sevgilisinə "bəyani-eşq" səhnəsi nə üçün büsbütün pozulmuş və indi tamamilə başqa bir tərzdə ifadə edilir. Yaxşı yadımda idi: o səhnə 1935-ci il dinləyişində olanların hamısına çox yaxşı təsir bağışlamış və müzakirədə iştirak edənlər o parçanı xüsusi olaraq qeyd etmişdilər. Mən o zaman həmin səhnənin mətnini suflyorun klavirindən yazıb götürmüşdüm.
Bu gün bizə "Koroğlu" operasından "Koroğlunun ariyası" adı ilə yaxşı məlum olan və əsərin üçüncü pərdəsində oxunan musiqi vaxtı ilə əsərin birinci pərdəsində, həm də tamamilə başqa tərzdə və başqa variantda bəstələnmişdi:
RÖVŞƏN: Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım; Sevdim səni canan!
HAMI: Rövşən!
RÖVŞƏN: Lakin bu zalım xan...
HAMI: Rövşən!
RÖVŞƏN: Olmuş mənə düşmən... (Nigara müraciətlə)
Söylə, söylə özün kimi sevirsən?
ÇİMNAZ VƏ QIZLAR: Rövşən duran yerdə kim sevər özgəsini?
NİGAR: Sevmişəm mən səni!
RÖVŞƏN: Səndən müşküldür ayri düşmək,
Lakin çətindir bu görüşmək. Xan verməyir imkan.
HAMI: Rövşən!
RÖVŞƏN: Vəhşi canavar xan.
HAMI: Rövşən!
RÖVŞƏN: Səni alır məndən
Yarım, yarım söylə kimi sevirsən?
HAMI: Min fəlakət doğacaq bu sevginin sonunda...
RÖVŞƏN: Mən çəkilməm, əgər ölsəm məqsədimin yolunda.
QIZLAR: Qoy düşmənin ölsün!v
RÖVŞƏN: Mən çəkilməm əgər ölsəm, əgər ölsəm məqsədimin yolunda.
NİGAR: Dönmərəm bu yoldan.
RÖVŞƏN: Dönmərəm bu yoldan. -
NİGAR: Xof etmərəm xandan.
RÖVŞƏN: Xof etmərəm xandan.
NİGAR: Mən səndən keçmərəm.
RÖVŞƏN: Keçmərəm.
NİGAR və RÖVŞƏN (bir yerdə): Ölərəm, keçərəm canımdan.
XOR: Ölsün düşmən, siz yaşayın
Sevginiz də yaşasın…
NİGAR və RÖVŞƏN: (bir yerdə)
Ölsün düşmən, bu üsyandan qurtarmasın yaxasın..
Dağılsın, məhv olsun kainat;
Bunda var nə sevgi, nə həyat.
Bu həyatı daqıtmaq, tazə aləm yaratmaq.
O dünya məhəbbət, sevgilər yaratsın;
Sevgidən hər kəs kamə çatsın.
RÖVŞƏN: Sevdim səni mən, ey Nigarım,
Rəna gözəlim, şən baharım;
Sevdim səni canan!
HAMI: Rövşən!
RÖVŞƏN: Olmuş mənə düşmən. (Nigara xitabən) - Söylə, söylə, özün kimi sevirsən?
ÇİMNAZ VƏ QIZLAR: Rövşən duran yerdə kim (sopranolar dəxi) - sevər özgəsini?
NİGAR Dönmərəm bu yoldan..
RÖVŞƏN: Dönmərəm bu yoldan.
NİGAR: Xof etmərəm xandan.
RÖVŞƏN: Xof etmərəm xandan... və s.
Hazırda sevgilisi Nigardan ayrı düşmüş əsər qəhrəmanı Rövşənin üçüncü pərdədə keçirdiyi "Hicran dərdi" təsiri ilə oxuduğu məşhur ariyası ilə həmin ariyanın ilkin variantını (vokal ansamblı) müqayisə etdikdə indiki (solo) variantın daha yerində, daha təbii və dramaturji cəhətdən daha bitkin olduğunu görürük. Bu, həm də böyük bəstəkarın öz əsəri üzərində nə qədər ciddi çalışdığını, yaradıcılığına son dərəcə tələbkar və şəxsən özünün olduqca zəhmətsevər bir sənətkar olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”, 28 iyul 1973-cü il.
|