Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

60 YAŞLI "HƏMİŞƏ CAVAN" TAMAŞA

Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan" musiqili komediyasının ilk tamaşasından 60 il (25 oktyabr - 7 noyabr 1913-cü il) keçir. Lakin bu əsər öz gözəlliyini, təravətini, bədii qiymət və əhəmiyyətini bu müddət ərzində nəinki itirmiş, əksinə, bəstəkarın musiqili teatr üçün yazdığı bütün əsərləri içərisində müstəsna yer tutmuşdur və tutmaqda davam edir. Əvvəla, "Arşın mal alan" müəllifin başqa opera və operettalarından fərqli olaraq, elə ilk gündən ölkənin bir çox şəhərlərində və sonra da dünyanın bir sıra məmləkətlərində müvəffəqiyyətlə oynanıldı.

1917-ci ildə "Filma" aksioner cəmiyyəti "Arşın mal alan"ın "7 hissədən ibarət komediya" adı ilə kinosunu çəkdi (rejissor B. Svetlov, operator Q. Lemberq, iştirakçılar: Əskər - Hüseynqulu Sarabski, Cahan xala - Yunis Nərimanov (kino titrlərində rolun adı Gülcahan idi), Vəli - Hənəfi Terequlov, Süleyman - Mirzağa Əliyev, Gülçöhrə - Əhməd Ağdamski, Soltanbəy - Ələkbər Hüseynzadə, Asya - Aleksandra Nikitiçna (Şura) Olenskaya, Telli - Yevgeniya Nikitiçna (Yeva) Olenskaya.

İkincisi, böyük dramaturq-bəstəkar bu əsər üzərində illər boyu yaradıcılıq işi aparmış, onu dönə-dönə cilalamış, musiqisini kamilləşdirməyə çalışmışdır.

Üçüncüsü, müəllif əsərlərində simfonik orkestr tərkibinə notla çalınan və simfonik orkestrin bütün başqa musiqi alətləri ilə "bərabər hüquqlu" mövqedə duran tarı daxil edir. Bu da öz inikasını "Arşın mal alan" əsərində tapır. Musiqi kadrları yetişdirmək işini müqəddəs bir vəzifə sayan böyük Üzeyirin müdir olduğu Azərbaycan Musiqi Texnikumu tələbələri tərəfindən cümə günü, 22 may 1925-ci ildə oynanılan "Arşın mal alan" tamaşasında tar ilk dəfə təcrübədən keçirildi. Həmin tarixi tamaşanın dirijoru müəllif özü idi. Üzeyir Hacıbəyov tamaşanın iştirakçıları olan tələbə-aktyor heyəti ilə yanaşı bütün orkestrin siyahısını da proqrama əlavə etmişdi. O cümlədən bu sətirlərin müəllifi ikinci skripkaların konsertmeysteri idi. Tarzənlər isə belə qruplaşdırılmışdı:

"Tar (not ilə) - müəllim Üzeyir bəy Hacıbəyli.

1 - İbrahimzadə Cəfər, 2 - Həsənzadə Bəhmən, 3 - Məmmədzadə İskəndər, 4 - Rüstəmzadə Səid və ilaxır".

Bu gün biz "Arşın mal alan"nın məlum musiqi mətnini onun altmış il bundan əvvəl ilk tamaşasında olan musiqi mətni ilə müqayisə etdikdə hansı fərqləri görürük? Mən bu maraqlı cəhətin bəlliləşdirilməsi və işıqlandırılmasını ona görə vacib bilirəm ki, son illər "Arşın mal alan" haqda yazılmış monoqrafik kitablardan müəlliflər əsərin musiqi mətninin evolüsiyası, yəni tarixən onun inkişafı və tədricən ardıcıl surətdə başqa keyfiyyətə keçməsi məsələsi üzərindən nədənsə vaz keçmişlər.

Amma lap nahaq yerə. Çünki hər bir musiqili-ədəbi əsərin təhlili işində tarixi yanaşmanın və tarixi baxımın böyük əhəmiyyəti var. "Arşın mal alan"la əlaqədar bəzi qeydlərdə buraxılan təhriflər artıq öz təkzibini və dəqiqləşdirilməsini gözləyir.

Odur ki, mən bu məqaləmdə "Arşın mal alan"la əlaqədar olan və hələ bu vaxta qədər mətbuat səhifələrində öz əksini tapmayan cəhətlər barədə bəzi tarixi arayışlar verməyi faydalı hesab edirəm.

Görkəmli bəstəkarın "Əsərləri"nin (1-ci cild) akademik nəşrində deyilir: "Böyük Oktyabr sosialist inqilabından əvvəl komediya dörd dəfə - 1914, 1915, 1916 və 1917-ci illərdə Orucov qardaşları mətbəəsində nəşr olunmuş və bir neçə dilə, o cümlədən rus, erməni gürcü, ləzgi dillərinə tərcümə edilmişdir". Lakin həmin "Əsərlər"in 184 ilə 185-ci səhifələri arasında verilən, əsərin iiqilabdan qabaqkı nəşrinin üz qabığının foto-surəti yuxarıdakı məlumatın yanlış olduğunu əyani surətdə aşkar edir.

Kitabın cildində göstərilir ki, bu, 1917-ci il (yəni inqilabdan əvvəlki son) nəşridir. Həm də "üçüncü təb'" sözü də xüsusi qeyd olunur. Bəs indi oxucu kimə inansın? Tərtibçinin yuxarıdakı tapıntısınamı, yoxsa əsər sahibinin kitabın üzərində yazdığı: "Bu kitabın üçüncü təb'i (kursiv mənimdir - Ə. B.) müsənnifi tərəfindən düzəlinib, bir çox təzə şeylər artırılıbdır" sözlərinəmi ?

Məlumdur ki, "Arşın mal alan"da əvvəllər əsər qəhrəmanları (ilk tamaşalarda Əsgər - Hüseynqulu Sarabski, Gülçöhrə - Əhməd Ağdamski) öz daxili hissiyyatını, həyəcanını və ruh halını ifadə edən Füzuli qəzəllərini - (Əsgər: "Nalədəndir ney kimi...", Gülçöhrə isə: "Pərişan xəlq aləm..." və "Bülbül-i zarəm...") eyni ilə muğam operalarında olduğu tərzdə, təkcə tarın müşayiəti ilə sərbəst improvizə üsulunda ifa etmişlər. Sonralar opera və operetta tamaşaları üçün "Hacıbəyov qardaşları müdiriyyəti" təşkil olundu. Bu da 1917-ci ildən və 1918-ci ilin mart ayınadək fəaliyyət göstərdi. Burada Ü. Hacıbəyov kişilərin qadın rollarında çıxışına tədricən son qoymaq arzusu ilə Gülçöhrənin "Pərişan xəlq aləm..." və üçüncü pərdənin əvvəlindəki "Bülbül-i zarəm" ariyalarını o zamanlar Azərbaycan dram tamaşalarında baş qadın rollarında məharətlə çıxış edən istedadlı aktrisa Aleksandra Nikitiçna (Şura) Olenskayaya tapşırdı. Hətta bu da məlumdur ki, əvvəllər Gülçöhrə rolunda oynayan Əhməd Ağdamski artıq özünün 1917-ci ildəki benefisində ilk dəfə Əsgər rolunu ifa etmişdi. Yeri gəlmişkən burasını da qeyd edək ki, o dövrdə Ü. Hacıbəyov "Şah Abbas və Xurşid banu" operasında muğamatla ifa olunan Xurşid banu partiyasını da Şura Olenskaya üçün hazırlamışdı.

Əsərin əvvəlində Əsgərin "Nalədəndir ney kimi avazeyi-eşqim bülənd" mətləli qəzəli yuxarıda qeyd etdiyimiz tələbələr tamaşasına qədər muğamat (aktyorun ovqatından asılı olaraq çox vaxt "Bayatı-Şiraz", bəzən "Şüştər" və bəzən hətta "Segah") üstə oxunardı. Məhz həmin tamaşada bəstəkar, Əsgər üçün eyni mətn üzrə yeni ariya bəstələdi. Bunun da ilk ifaçısı gözəl və məlahətli səsə malik istedadlı vokalist Əbdül Əmiraslanlı idi. (O sonralar tibb fakültəsini bitirmiş və Bakıda Semaşko adına xəstəxanada (hal-hazırda Musa Nağıyev adına - İ.Q.) çalışmışdır).

Burasını da sözgəlişi qeyd edək ki, Əsgər rolunun ilk ifaçısı, böyük opera artisti Hüseynqulu Sarabski "Arşın mal alan"ın ikinci pərdəsində öz sevincini, dərin emosional duyğusunu bəstəkarın bəstələdiyi "Axtarıb tapdım səni" mahnısı əvəzinə bir qayda olaraq Füzulinin:

Gətir, saqi, qədəh kim, novbahari-aləmaradır!

- sözləri ilə başlanan tərci-bəndini "Orta segah" üstə oxuyardı. Bəzən də muğamın zirvəsi sayılan "Əraq" şöbəsində bir qədər gəzişdikdən sonra:

Açıldı lalə, güldü qönçə, gəldi işrət əyyami,
Tamaşa qıl gülün divanına kim xoş tamaşadır...

- misraları ilə avazını tamamlayırdı. Əsərin ikinci pərdəsində Tellinin "Sən o yanda, yar bu yanda" mahnısının musiqi mətninə daxil olması tarixi də maraqlıdır.

Bu mahnı görkəmli opera aktrisası Həqiqət Rzayevanın Telli rolunu oynaması ilə əlaqədardır. Opera səhnəmizdə Leyli, Əsli, Şahsənəm, Ərəbzəngi kimi surətləri yaradan Həqiqət xanım aktyorluq sənətinin geniş diapazonu sayəsində Telli obrazını da xüsusi bir kolorit və təbiiliklə yarada bilmişdi. Onun sənətkarlığından xoşlanan müəllif bu mahnını "Arşın mal alan"ın 1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan incəsənəti ongünlüyünə hazırlıq ərəfəsində əsərinin musiqi mətninə daxil etmişdi.

Eləcə də, qızların "Arşın malçı, mal göstər" xoru da təxminən o zamanlar musiqi mətninə əlavə olunmuşdur.v Asyanın üçüncü pərdədə oxuduğu "Gözəlim, yar gözəlim" mahnısının 1917-ci ilə qədər tamamilə başqa mətnlə ("Aşiq oldum mən bir gül üzlü oğlana, tapdım səni, gəl yarım, ah, ah, gəl yarım"), həm də bu mətnə müvafiq musiqi ilə ifa edildiyi haqda qəzetimizdə "Asyanın mahnısı" başlığı altında məqalədə müfəssəl yazılmışdır. Bəstəkar həmin musiqidə üslub etibarı ilə yad intonasiyalar eşidildiyindən nömrəni sonradan gələn rəqs musiqisi ilə büsbütün dəyişdirmişdir.

Üçüncü pərdənin sonunda Asya, Telli və Gülçöhrənin oxuduqları tersetin də tarixi olduqca maraqlıdır. Bu xüsusda da hələlik monoqrafik kitablarda heç bir məlumat verilmir. Əksinə, "Əsərlər"in qeydlər hissəsində həmin terset (trio) "Gülçöhrənin ariyası" adlandırılır…

Vaxtı ilə Üzeyir Hacıbəyov Abdulla Şaiqin "Uşaq çeşmeyi" kitabındakı (1907) "Yetim cücə" sərlövhəli şeri:

Ay kiçicik soluq cücəm,
Boynu buruq, yoluq cücəm
Açma o nazlı dimdiyin,
Başlama qəmli cik-cikin...

əsasında bir uşaq mahnısı bəstələmişdi.

Bu, inqilabdan əvvəl ibtidai məktəbdə oxuyan şagirdlərin ən çox sevdikləri mahnı idi.

1925-ci ildə Üzeyir Hacıbəyov özünün "Yetim cücə" musiqisinin melodiyasından istifadə edərək, Asya ilə Tellinin oxuduqları:

Bəsdir bunca ahü-zarım,
Nəyə lazım bu fəryad…

musiqisini (terset əvvəlcə bunların nəsihəti ilə başlanır və sonra Gülçöhrənin "Arşın mal alan, arşın mal alan, getdi əldən qərarım..." sözləri ilə inkişaf etdirilir) yaratdı.

Üç dəfə Bakıda və bir dəfə də Amerikada ekranlaşdırılan "Arşın mal alan", doğrudan da, dünyada ən çox şöhrət tapan, geniş xalq kütləsi tərəfindən ən çox sevilən və bəyənilən əsərlərdən biridir.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, "Arşın mal alan"ın musiqi mətni üzərində müəllifin ardıcıl olaraq yeni-yeni redaktələri, əsərə dönə-dönə "əl gəzdirməsi" işinin bəlliləşdirməsi musiqişünaslığın şərəfli vəzifələrindən sayılmalıdır.

"Ədəbiyyat və incəsənət", 03 noyabr 1973

 

 
     
        © Musigi Dunyasi, 2007