Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

GÖZƏL NƏĞMƏKAR

Etiraf etməliyəm ki, mən alimlərin, mütəxəssislərin irs, irsiyyət məsələsinə münasibətinə yaxşı bələd deyiləm. Ancaq onu bilirəm ki, hər dəfə, şöhrəti bütün dünyaya yayılmış böyük istedad sahibi, öz gözəl sənəti ilə milyonlarla dinləyicini valeh edən, sevindirən, vəcdə gətirən gözəl sovet müğənnisi Müslüm Maqomayevi gördükdə, onun babası - böyük Azərbaycan bəstəkarı Müslüm Maqomayevin parlaq surəti qarşımda canlanır.

Boy-buxunu, sifəti, danışıq tərzi, xoş xasiyyəti, sadəliyi, - eynən babası!..

1925-ci ilin yayı... İyul ayında mən Gürcüstanın Sağveri deyilən kurortunda sanatoriyada müalicədə idim. Putyovkamın qurtarmasına az qalmışdı. Bakıya qayıtmağa hazırlaşırdım. Bir gün Sağveridəki "Dəmirsu" çeşməsi başında təsadüfən, heç gözlənilmədən Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə xanımla rastlaşdım. Demə, onlar Sağveri yaxınlığındakı Semi qəsəbəsində istirahət edirlərmiş. Üzeyir Hacıbəyov bir neçə gündən sonra Bakıya yola düşəcəyimi bilincə:

- Yox canım, avqust ayında Bakıda sənin nə işin var, tələbə adamsan, putyovkanın vaxtı qurtaran kimi gəlib Semidə bizdə qalarsan, - dedi.

Mən nə qədər təşəkkür edib mütləq Bakıya qayıdacağımı bildirsəm də, o, sözünün üstündə durdu.

- Mən Bədələ bu barədə tel vuraram, nigaran olmazlar...

O il Üzeyir Hacıbəyovun bacanaqları Müslüm Maqomayev, Qubad Qasımov da ailələri ilə Semidə dincəlirdilər. Bunlardan əlavə, o zaman Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfzadə (yazıçı Əliqulu Qəmküsarın qardaşı), Azərbaycan dilini müstəqil öyrənmək istəyənlər üçün ilk rəhbər kitabın müəllifi müəllim Cabbar Məmmədzadə də orada ailəvi istirahət edirdilər. Cabbar müəllim yaxşı tar çalırdı; buraya da öz tarı ilə gəlmişdi.

Rzaqulu Nəcəfzadənin yaxşı səsi var idi, muğamata da bələd idi. Tez-tez bir yerə yığışardıq, çalıb-çağırardıq. Bu improvizə musiqi məclislərində "Şəbi-hicran", "Axşam oldu", "Böylə olmaz ki, sən", ya da "Yəqin mənim bu peşəmdən camaata nə`f var" kimi məşhur xor nömrələri oxunanda Müslüm Maqomayevin balaca oğlunun (haqqında danışdığımız müğənni Müslümün atasının) çox olsa on-on bir yaşı olardı; elə o andaca ikinci səsi fitri istedadı ilə quraşdırıb səslərə qatardı. Onun musiqililiyi hamını heyran qoyardı. Uşağa:

- Yəqin bəstəkar olacaqsan - dedikdə, belə cavab verərdi:

- Yox, mən mühəndis ola cağam!

Lakin o, Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak oldu, özü də deyilənə görə, 1945-ci il mayın əvvəlində. Baba, oğul, nəvə!.. Yaxşı yadımdadır, təxminən 1960-cı illərdə musiqi məktəbinin şagirdi Müslüm Maqomayev (nəvə) ilk dəfə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrında bayram konsertlərinin birində oxuduğu zaman dinləyicilər sovet vokal məktəbi üfüqündə bir ulduzun parladığını güman etdilər. Sonralar məlum oldu ki, onlar yanılmayıblar.

Müslüm oxudu... Müslüm çalışdı, zəhmətə qatlaşdı. Təhsilini təkmilləşdirmək üçün Sovet hökuməti onu Vətənimizin ən istedadlı müğənniləri ilə birlikdə, dünya vokal sənətinin mərkəzi sayılan Milan şəhərinə ezam etdi.

Müslüm Milan şəhərinin məşhur La-Skala opera teatrında çalışdığı müddət ərzində təcrübəli müəllimlərin rəhbərliyi ilə vokal sənətinin bir çox sirlərinə bələd oldu. Vətənə qayıtdıqdan sonra Bakıda C. Rossininin "Sevilya bərbəri" və C. Puççininin "Toska" operalarında çıxış etdi.

Bu iki tamaşanın dirijoru kimi deyə bilərəm ki, Müslüm həqiqətən böyük aktyorluq keyfiyyətinə malik sənətkardır. Onun yaradıcılığında musiqililik çox güclüdür. Bəli, musiqililik, musiqililik, yenə də musiqililik!..

Dediyim kimi, Müslüm İtaliyada təkmilləşmə ezamiyyətində olduğu zaman iki italyan bəstəkarının opera əsərlərindəki əsas obrazlar üzərində xüsusi səylə işləmişdir: C. Rossininin "Sevilya bərbəri" operasında Fiqaro və C. Puççininin "Toska" operasında Skarpiya. Bilindiyi kimi, bu obrazlar istər əxlaqi, mənəvi cəhətdən, istərsə də zahiri davranış nöqteyi-nəzərindən tamamilə başqa-başqadır. Biri əslində müsbət, o birisi isə, əksinə, son dərəcə mənfi. Hətta vokal sənətinə görə də bu obrazlar müxtəlif xarakterlidir. Bunlardan birincisini opera tamaşalarında bir qayda olaraq lirik-bariton, o birisini isə dramatik-bariton ifa edir. Fiqaro nə qədər qanışirin, cazibəli, duzlu, diribaş, çevik, qıvraq bir gəncdirsə, Skarpiya bir o qədər qəddar, məkrli, cinayətkar, mərdimazar bir insandır. Doğrudan da, bu iki obrazı səhnədə yarada bilmək üçün aktyorluq sənətində sözün əsil mənasında başqalaşmaq qabiliyyətinə malik olmaq gərəkdir.

Müslüm bunu bacardı, həm də məharətlə. Elə birinci görüşdən məlum oldu ki, müğənni hər iki obrazın daxili aləmini açmaq üçün aktyorluq - nəğməkarlıq sənətinin bədii vasitələrindən səmərəli və mənalı surətdə istifadə etmək yolunda mükəmməl çalışmışdır. Məhz buna görə də səhnədə hər iki obraz özlüyündə olduqca dolğun, bitkin və inandırıcı təsir bağışladı. Tamaşaçılar haqlı olaraq istedadlı sənətkarı gurultulu alqışlarla qarşıladılar.

Xoş, məlahətli, son dərəcə yapışıqlı səsə malik olan Müslümün repertuarında yüzlərlə mahnı var. O, mahnıların hamısını daşıdığı məzmunla əlaqədar yüksək zövqlə və ilhamla ifa edir.

Əsil yaradıcı sənətkar kimi o, hər bir mahnıya öz düşüncə, mülahizə və şəxsi yozumunu aşılayır. Müğənninin ifa etdiyi hər bir əsər uzun müddət düşünülmüş, dönə-dönə yaşanmış, yaradıcılıq süzgəcindən keçirilmiş, böyük və gərgin zəhmətin, axtarışların məhsuludur.

Müxtəlif ədəbi-musiqi məzmunlu mahnılara ifaçılıq münasibəti, daha doğrusu, yanaşma və yozum münasibəti də başqa-başqadır. Bu mahnılar içərisində "İtalyan partizanlarının mahnısı" məhz Müslümün ifasından sonra geniş şöhrət qazandı. İfa etdiyi hər bir musiqi əsərinin mahiyyətini düzgün və qənaətbəxş təfsir etdiyinə görə Müslüm, Sopot şəhərində beynəlxalq müsabiqədə dinləyicilərlə yanaşı münsiflər heyətinin də məhəbbətini qazandı və ən yüksək mükafata layiq görüldü.

Müslüm həm də bəstəkardır. Onun görkəmli sovet şairlərinin sözlərinə bəstələdiyi mahnılar dinləyicilərin rəğbətini qazanmışdır. Babasının "Şah İsmayıl" operasında Aslan şahın birinci və sonuncu pərdələrdəki monoloqunu birləşdirərək tərtib etdiyn ariya da həmçinin.

Müslüm həm də gözəl pianoçudur. Konsertlərində arabir piano arxasına keçərək, simfonik orkestrlə birlikdə ozünü müşayiət etməsi son dərəcə maraqlıdır.

Sovet vokal sənətinə yeni bir təravət gətirən Müslüm Maqomayev SSRİ xalq artisti kimi yüksək bir ada layiq görülmüşdür. Şübhə yoxdur ki, o, bizi bundan sonra da yeni-yeni yaradıcılıq nailiyyətləri ilə sevindirəcək. Xalqımız bu gözəl nəğməkarı ilə fəxr edir.

“Ədəbiyyat və incəsənət”, 22 dekabr 1973
 
DƏRİN MƏHƏBBƏTLƏ

Bu günlər Vətənimizin musiqi ictimaiyyəti görkəmli sovet bəstəkarı Reynqold Qlierin anadan olmasının 100-cü ildönümünü dərin məhəbbət və hörmətlə qeyd edir. Mən bir neçə il bu böyük ustadın həvəskar köməkçisi, məsləkdaşı olmağımla, onunla yaxın yaradıcılıq ünsiyyətində olmağımla fəxr edirəm. Şəxsi arxivimdə onun mənə yazdığı bir neçə məktub, əlyazmaları və foto-şəkillər var. Azərbaycanda inqilabdan əvvəl Hacıbəyov qardaşlarının M. Maqomayevin və hətta həvəskar opera bəstəçilərinin (Hacıbaba Şərifzadə, Mirzə Camal Yusifzadə) yaratdıqları muğam operalarının zamanına görə böyük proqressiv, mədəni və tarixi əhəmiyyətini heç də azaltmadan deməliyəm ki, rus və Qərbi Avropa klassik opera janrı səpkisində Azərbaycanda opera yaratmaq işinin ilk təşəbbüskarı Şövkət Məmmədova olmuşdur. O zaman Şövkət xanım Kiyevdə yaşayırdı. Qlier isə Kiyev konservatoriyasının rektoru və bəstəkarlıq sinfinin professoru vəzifəsində çalışırdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Ş. Məmmədova Bakıya gəlib burada geniş ictimai və mədəni fəaliyyətə başladı. O, həm ilk Azərbaycan musiqi nəşriyyatını təşkil etdi, həm də ilk teatr məktəbini açdı. Opera teatrında məşhur fransız bəstəkarı Delibin "Lakme" operasının Azərbaycan dilində oynanılmasına nail oldu.

1924-cü ilin payızından etibarən mətbuat səhifələrində Azərbaycan opera sənətinin gələcək inkişafı haqqında qızğın mübahisələr başlandı. Qlierin yeni səpkidə opera yazması üçün Bakıya dəvət olunmasına bəziləri etiraz edir və bu barədə mətbuat səhifələrində açıqdan-açığa yazırdılar. Azərbaycan opera sənətində islahat tərəfdarları isə mədəniyyət tariximizdə öz böyük rolunu oynamış muğam operaları ilə yanaşı yeni üslubda operalar yaradılması uğrunda çalışır, həm də sənətdə arxaizm, köhnəlik və durğunluğa qarşı öz səslərini ucaldırdılar.

Qlierin yazacağı operanın hansı məzmun və süjet əsasında bəstələnməsi ilə əlaqədar müxtəlif rəylər var idi. Onlara yekun vuran görkəmli yazıçı-dramaturq Əbdurrəhimbəy Haqverdiyevin təklifi ilə "Aşıq Qərib" dastanı məsləhət görüldü. Opera ilk dəfə rus dilində, Moskva ədiblərindən Mixail Qalperinin tərtib etdiyi libretto əsasında bəstələndi, 1927-ci ildə oynanıldı və əsas etibarı ilə məhz librettosunun zəifliyinə görə tamaşa uğursuz oldu.

Əvvəllər mətnin azərbaycancaya tərcüməçisi kimi cəlb olunmuş böyük dramaturq Cəfər Cabbarlı 30-cu illərdə libretto üzərində işləməyi öz öhdəsinə götürdü. Tamaşa 1934-cü il may ayının 4-də böyük müvəffəqiyyətlə Azərbaycan dilində oynanıldı.

Operanın hasilə gətirilməsi işində çəkdiyim zəhməti, qiymətləndirərkən R. Qlier mənə dedi: "Sənin gördüyün iş teatrda daşıdığın dirijorluq vəzifəsinə bilavasitə aid deyil və məhz buna görə çox gözəldir".

Dörd opera, yeddi balet, yeddi dram pyesi, üç sanballı simfoniya, beş konsert, on yeddi simfonik poema və yüz iyirmi dörd romans və sair əsərlərin müəllifi olan R. Qlierin Azərbaycan musiqisinin inkişafında göstərdiyi xidmət haqqında dahi bəstəkarımız Üzeyir Hacıbəyov özünün məşhur "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" məqaləsində yazırdı: "İnqilabdan əvvəlki illərdə yazılmış Azərbaycan musiqili dram əsərlərinin əsas nöqsanları musiqi fakturunun texniki cəhətdən zəif işlənməsi, birsəslilik və melodiyaların xalq yaradıcılığından seçilməməsi idi. Bizim operalarda hər bir opera üçün zəruri olan reçitativlər, oxuyanlar üçün ayrıca bitkin partiyalar, ansambl, antraktlar yox idi... Zaman keçdikcə bu nöqsanlar tədricən aradan qaldırılmışdı, lakin bu, Azərbaycan operasını müasir formaya yaxınlaşdıra biləcək dərəcədə deyildi.

Azərbaycanda bu sahədə ilk qəti addımlar ancaq Böyük Oktyabr sosialist inqilabının qələbəsindən sonra atılmışdır. 1924-cü ildə "Şahsənəm" operasını (xalq arasında geniş yayılmış "Aşıq Qərib" dastanı əsasında) yaratmış bəstəkar R. M. Qlierin təcrübəsi Azərbaycan musiqisinə simfoniya üslubu gətirmək, Azərbaycan musiqi mövzuları əsasında mürəkkəb formalar yaratmaq sahəsində çox böyük rol oynamışdır... Bəstəkarın böyük ustalıqla yaratdığı "Şahsənəm" operası Azərbaycanda yeni opera mədəniyyətinin möhkəm təməlini qoydu".

"Ədəbiyyat və incəsənət", 11yanvar 1975-ci il.

 

 
     
        © Musigi Dunyasi, 2007