Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Əfrasiyab Bədəlbəylinin 595 saylı şəxsi fondu qorunub-saxlanılır.
Əfrasiyab Bədəlbəylinin arxiv fondu həm materiallarının sayına və məzmununa, həm də elmi-tədqiqat əhəmiyyətinə görə olduqca zəngin və maraqlıdır.
Bu fondda 1920-1970-ci illəri, yəni 50 ildən artıq bir dövrü əhatə edən Azərbaycan musiqi mədəniyyətinə dair qiymətli sənədlər toplanmışdır.
Həmçinin fonda Əfrasiyab Bədəlbəylinin bütün həyat və yaradıcılıq bioqrafiyasını, onun zəngin ömür salnaməsini, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim fəaliyyətlərini əks etdirən qiymətli sənədlər daxildir.
Əfrasiyab Bədəlbəylinin 595 saylı arxiv fondu 1 siyahıdan və 514 saxlama vahidindən ibarətdir. Fonda əlavə olaraq Ə.Bədəlbəylinin kitabxanasına məxsus 114 vahiddən ibarət kitablar, broşuralar, not nəşrləri də daxil edilmişdir.
Əfrasiyab Bədəlbəylinin arxiv fondu aşağıdakı kimi sistemləşdirilmişdir.
Birinci, bəstəkarın musiqili-səhnə əsərlərinin not əlyazmaları. Burada əsasən bəstəkarın səhnə əsərlərinin əlyazmaları ilə tanış olmaq mümkündür. Bu bölməyə «Nizami», «Xalqın qəzəbi», «Tərlan», «Söyüdlər ağlamaz» operalarının əlyazmaları, Müslüm Maqomayevin «Şah İsmayıl» operasının yeni redaksiyası, «Qız qalası» baletinin not əlyazmaları daxildir. Fondun not əlyazmalarına dair bölməsində biz Ə.Bədəlbəylinin müxtəlif illərdə dram tamaşalarına yazdığı musiqilərin notlarını ilə də tanış ola bilirik. Bunlar 1928-1941-ci illər arasında M.F.Axundov adına Azərbaycan Dövlət Dram Teatrında C.Cabbarlının «Od gəlini», «1905-ci il», «Almaz», «Yaşar», H. Cavıidin «Şeyx Sənan», «Siyavuş», M.F.Axundovun «Hacı Qara», S.Vurğunun «Fərhad və Şirin» dram tamaşalarına yazılmış musiqilərdir.
Bu əlyazmaların böyük əksəriyyəti partitura, bir hissəsi klavir şəklindədir. Bu əsərlər musiqi tarixçiləri və nəzəriyyəçiləri tərəfindən araşdırılmalı və təhlil olunmalıdır.
İkincisi, Simfonik əsərlərin not əlyazmaları. Bu bölmə musiqişünaslıq tədqiqatları üçün böyük elmi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Əfrasiyab Bədəlbəyli XX əsr musiqi tarixində Azərbaycan simfonik müsiqinin ilk nümunələrinin müəlliflərindən biri kimi tanınır. 1930-1931-ci illərdə bəstəkar «Bütün hakimiyyət sovetlərə» simfonik poemasını, «28 may təntənəli simfonik marşını, «Miniatürlər» simfonik suitasını, orkestr, xor və solist üçün «Dünya xalqları sülh uğrunda», «Yoxsullar marşı» poemalarını yaratmışdır. Adı çəkilən əsərlər orkestr partiturası və partiyaları şəklindədir. Bu əsərlər XX əsr Azərbaycan simfonik musiqinin ilk nümunələrindən biri kimi simfonik musiqimizin inkişafına zəmin yaratmış, musiqi irsimizi zənginləşdirmişlər.
Bu bölmədə elmi maraq doğuran faktlardan biri Ə. Bədəlbəylinin Azərbaycan şifahi professional musiqi janrlarını simfonikləşdirməsidir. Müasir musiqi tarixi üçün, Şərq musiqisi mədəniyyəti üçün maraqlı faktdır ki, Ə.Bədəlbəyli «Bayatı şiraz» rapsodiyasını, «Heyratı» simfonik zərbi-muğamını, simfonik orkestr üçün «Yallı», «Azərbaycan», «Qaytağı» rəqslərini bəstələmişdir. Bu, XX əsr musiqi tariximiz üçün «bəstəkar-xalq musiqisi» əlaqələri aspektində, muğam və rəqs folklorunun simfonikləşdirilməsi aspektində olduqca yeni və maraqlı faktdır. Biz Ə.Bədəbəylinin bu sahədəki qiymətli əsərləri haqqında Bakı Musiqi Akademiyasında bəstəkarın 100 illik yubileyi münasibətilə keçirilən respublika elmi konfransında ilk dəfə musiqi ictimaiyyətinə məruzə etmişik. Təklif edirik ki, Ə.Bədəlbəylinin 100 illik yubileyində onun bu qiymətli əlyazma əsərləri nəşr olunsun, ifa edilsin.
Üçüncü bölməyə bəstəkarın vokal əsərlərinin, 4-cü bölməyə xalq musiqisi işləmələrinin notları daxildir. Burada etnomusiqişünaslıq üçün maraq doğuran fakt Ə. Bədəlbəylinin xalq musiqisinə dair işləmələridir. Bəstəkarın musiqi tərbiyəsi, ailə və məktəb mühiti onun muğamlara yaxından bələd olmasını şərtləndirmişlər. Ə. Bədəlbəyli yeniyetməlik yaşlarından etibarən daim xalq musiqisi və muğamlarla, ustad xanəndə və ufaçılarla, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi dahi bəstəkarlarla fəal yaradıcılıq ünsiyyətində olmuşdur. Nəticədə xalq musiqisi və muğamlar haqqında zəngin məlumat və bilik əldə etmişdir. Bunun bir səbəbi də Ə. Bədəlbəylinin Şərq dillərinə kamil şərqşünas səviyyəsində bələb olması ilə, onun Şərq tarixini, mədəniyyətini, əbədiyyatını, musiqisini mükəmməl olaraq elmi şəkildə bilməsi ilə də əlaqədardır. Bir sözlə, arxiv fondunda Ə.Bədəlbəyli yaradıcılığının Azərbaycan xalq musiqisi, Şərq şifahi musiqisi, muğamlar ilə bağlılığına dair bir sıra yeni faktlar aşkarlanmışdır. O cümlədən, bəstəkarın notlaşdırıdığı yeddi Azərbaycan xalq mahnısından ibarət toplu və muğam nümunələri bu fikirlərimizə misal ola bilər.
Beşinci bölmə Ə.Bədəbəylinin istedadlı librettoçu, ssenpriçi kimi fəaliyyətini əks etdirir. Burada onun özünün və digər bəstəkarların musiqi-səhnə əsərlərinin librettoları, «Kino-konsert» və «Qız qalası» film-baletinin ssneriləri əlyazma halında saxlanılır. Bu librettoların və ssnerilərin müəllifi Ə.Bədəlbəylidir.
Fondda digər maraqlı arxiv materialı Ə.Bədəlbəylinin lüğətlərinə dair əlyazmalardır. Məlum olduğu kimi, Ə. Bədəlbəyli Bakı Dövlət Universitetinin Şərq dilləri fakultəsini şərqşünas və dilçi ixtisasları ilə bitirmişdir. Onun musiqi terminlərinə dair qiymətli kitabına, eləcə də böyük populyarlıq qazanmış «İzahlı-monoqrafik musiqi lüğəti»nin əlyazmaları ilə bu fondda tanış olmaq mümkündür.
Ə.Bədəlbəylinin 1920-ci illərdən ömrünün sonuna qədər yazdığı məqalələrin əlyazmaları, müxtəlif elmi simpozium və konfranslardakı, müxtəlif yubiley mərasimlərindəki, televiziya və radiodakı məruzə və çıxışlarının əlyazma mətnləri fondun daha bir maraqlı materiallarıdır.
Bu bölmənin saxlama vahidlərinə Ə.Bədəlbəylinin məqalə və çıxışlarının mətbuatda dərc olunmuş nümunələri, qəzet kəsikləri də daxildir. Onlardan bəzilərinə diqqət edək: «Hacıbaba Şərifzadə», «Cabbar Qaryağdı», «Azərbaycan opera sənəti haqqında», «Ü.Hacıbəyovun yaradıcılıq irsi», «Türk musiqisi haqqında», «Çaykovskinin həyat və yaradıcılığı», «Azərbaycanda balet incəsənətinin inkişafı», «Leyli və Məcnun» operasının Azərbaycan opera tarixində yeri», «Musiqidə xəlqilik haqqında», «Qara Qarayev və onun «Yeddi gözəl» baleti», «Füzuli və Azərbaycan musiqisi», «Cəfər Cabbarlının musiqi dünyası», «Not yazısı necə yaranmışdır», «Muğamlar və xalq musiqisi haqqında». «Muğamatın mənşəyi və nəzəri əsasları», «Azərbaycan və İran musiqisinin janrları», «Ü.Hacıbəyovun «Şah Abbas və Xurşidbanu» operası» və sairə.
Fondda Ə.Bədəlbəylinin istedadlı və professional tərcüməçi kimi fəaliyyətinə aid materiallar da saxlanılır. Onların arasında bəstəkarın Azərbaycan dilinə tərcümə etdiyi xarici operaların libretto mətnləri vardır.
Tədqiqatçılar üçün böyük maraq doğuran arxiv sənədlərindən biri də Ə.Bədəlbəylinin zəngin epistolyar irsidir. Bu irs Ə.Bədəlbəylinin keçmiş SSRİ-də şöhrət və nüfuz qazanmış görkəmli bəstəkarlarla, musiqişünas alimlərlə, görkəmli opera və balet üstaları ilə, dirijorlarla, instrumental və vokal ifaçılarla, muğam umtadları ilə, görkəmli yazıçı, şair və rəssamlarla, rejissorlarla və akityorlarla, müxtəlif peşə sahibləri ilə, ziyalı nümayəndələri ilə səmimi yaracıdıcıq ünsiyyəti, dostluq əlaqələri haqqında çox maraqlı informasiya daşıyır. Epistolyar irsə daxil olan məktublar, teleqramlar Ə.Bədəlbəylinin sənət dostlarının, tanınmış şəxsiyyətlərin onun yaradıcılığına olan müsbət və səmimi münasibətlərini əks etdirilər. Bu məktəb və teleqramlarda onun sənətkar və alim həmkarlarının, yaradıcı şəxsiyyətlərin Ə.Bədəlbəyliyə bir bəstəkar, alim və dirijor kimi pərəstişləri, bəstəkarın qazandığı uğurlar münasibətilə, onun yubileyi münasibətilə, təltif olunması münasibəti ilə təbrikləri, sevinc və rəğbətləri əks olunurlar. Maraqlıdır ki, Ə.Bədəlbəylinin uzun illər televiziyada və radioda musiqini təbliğ edən və gənc nəslin musiqi tərbiyəsini inkişaf etdirən, kütlələrin musiqi maariflənməsinə kömək edən verilişləri, çıxışları haqqında müxtəlif şəhərlərdən, rayonlardan, müxtəlif peşə sahiblərindən, ziyalılardan və əmək adamlarından göndərilən razılıq və təşəkkün məktubları da fondda saxlanılır.
Məktub və teleqramlar Əfrasiyab Bədəlbəylinin şəxsi həyat və yaradıcılıq qayğılarını, onun necə bir sadə, səmimi, həssas, mehriban, ünsiyyətcil və mədəni insan olmasını özündə əks etdirirlər.
Ə.Bədəlbəylinin bioqrafik arxiv materiallarına müxtəlif idarələrdən, təşkilatlardan, o cümlədən SSRİ Bəstəkarlar İttifaqından, SSRİ Musiqi Fondundan, SSRİ Xor Cəmiyyətindən, SSRİ Mədəniyyət Nazirliyindən, Azərbaycan Bəstəkarlar İttifaqından və Mədəniyyət Nazirlyindən, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətindən, Azərbaycan Yazıçılar, Rəssamlar İttifaqlarından, Televiziya və Radio verilişləri Komitəsindən, Azərbaycan Dövlət Konservatoriyasından, Azərbaycan Dövlət Opera və Balet Teatrından, Dövlət Filarmoniyasından, Xalq Yaradıcılığı Evindən, «Bilik» Cəmiyyətindən, müxtəilfi qəzet və jürnal redaksiylarından göndərilən məktublar, teleqramlar, dəvətnamələr, təşşəkkür məktubları da daxildir. Bu materiallar onun həyat-yaradıcılığının araşdırılması və şəxsiyyətinin öyrənilməsi baxımdan çox maraqlı sənədlərdir.
Ə.Bədəlbəylinin zəngin epistolyar irsinə Qara Qarayev, Fikrət Əmirov, Gövdət Hacıyev, Niyazi, Səid Rüstəmov, Rauf Hacıyev, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Tofiq Quliyev, Arif Məlikov kimi görkəmli Azərbaycan bəstəkarlarından, Şövkət Məmmədova, Bülbül, Qurban Pirimov, Nəzirə Şahmirzə, Qəmər Almaszadə, Leyla Vəkilova, Lütfiyar İmanov və digər bu kimi məşhur ifaçılardan, D.Şostakoviç, R.Qliyer, D.Kabalevski, T.Xrennikov, B.Zeydman kimi görkəmli rus bəstəkarlarından, V.Belyayev, V.Vinoqradov, Q. Bernandt, D.Roqal-Levitski kimi məşhur alimlərdən, Rusiyanın, Orta Asiyanın, Gürcüstanın, Dağıstanın, Estoniyanın, Litvanın, Ukraynanın, Şimali Qafqazın, Tatarıstanın, Sibirin, Türkiyənin və Avropanın nüfuzlu opera və balet ifaçılarından, musiqişünaslarından, instrumental ifaçılarından, musiqi kollektivlərindən, dirijorlarından yazılan məktublar, teleqramlar da daxildir.
Ümumiyyətlə, Ə.Bədəlbəylinin zəngin epistolyar irsi XX əsr Azərbaycan musiqi həyatını, əsrin musiqi tarixini, Azərbaycanın başqa ölkələrlə mədəniyyət əlaqələrini, bəstəkarın özünün yaradıcılıq əlaqələrini, onun şəxsiyyətini elmi baxımdan öyrənmək üçün tarixi sənədlər kimi qiymətləndirilir.
Foto-sənədlər üzərində də dayanmaq zəruridir. 595-ci fondda 100-ə yaxın saxlama vahidi məhz fotolardan ibarətlir. Bu foto-sənədlərin elmi əhəmiyyətini «XX əsr Azərbaycan musiqisinin foto salnaməsi» kimi səciyyələndirmək olar. Fondda XX əsr musiqisinin ən öncül, görkəmli şəxsiyyətlərinin fərdi, kollektiv fotoları, eləcə də Ə.Bədəlbəylinin yaradıcılıq anlarını, şəxsi həyatını, uşaqlıq, yeniyetməlik və gənclik illərini, ömür yolunu, dostluq və yaradıcılıq əlaqələrini, səfərlərini, bəstəkarlıq, dirijorluq və elmi fəaliyyətini, opera və balet əsərlərinin səhnə uğurlarını əks etdirən fotolar saxlanılır. Bəstəkarın ailə üzvləri, yaxınları və dostları ilə birlikdə fotolar, ifaçıların, opera və balet artistlərinin fotoları, «Qız qalası» baletinə, «Nizami» və «Söyüdlər ağlamaz» operalarına aid fotolar elmi-tədqiqat baxımdan böyük əhəmiyyətə malikdirlər.
Bunlardan başqa, 595 saylı Fonda Ə.Bədəbəylinin Opera və Balet Teatrında, Filarmoniyada, Xor Cəmiyyətində və digər təşkilatlarda fəaliyyətini əks etdirən saxlanılır. Ə. Bədəlbəylinin atası - görkəmli maarifçi-ziyalı və musiqiçi Bədəl bəyin həyatını və fəaliyyətini əks etdirən çoxsaylı materillar, Ə.Bədəlbəylinin özü, yaradıcılığı və ayrı-ayrı əsərləri haqqında yazılan və dərg edilən məqalələr, resenziylar, simfonik, opera və balet musiqisindən ibarət konsetlərin afişaları, konsert və festivalların, yubiley və yaradıcılıq gecələrinin, müsabiqələrin proqramları, Ə.Bədəlbəylinin fəxri fərmanlarla, fəxri adlarla, orden və medallarla təltif olunmasına dair sənədlər də bu zəngin şəxsi arxiv fondunun qiymətli materiallarıdırlar.
Ə.Bədəbəylinin arxiv fondu imkan verir ki, onun əmək fəaliyyəti, həyat yolu, yaradıcılığı mərhələli şəkildə ardıcılıq olaraq tərtib edilsin. Bundan başqa, arxiv fondu imkan verir ki, musiqişünaslar Ə.Bədəlbəylinin elmi-yaradıcılıq biblioqrafiyasını, əsərlərinin notoqrafiyasını tərtib etsinlər.
Bəstəkar, dirijor və musiqişünas-alim Əfrasiyab Bədəlbəylinin arxivi bundan sonra da musiqişünasların, XX əsr musiqi mədəniyyətini araşdıran musiqi tarixçilərinin, balet sənəti tədqiqatçılarının elmi mövzusuna çevriləcək və bu arxiv materialları elmi araşdırmalar üçün zəngin mənbə rolunu oynacaqdır.
Onu da qeyd etmək isəyirirk ki, Azərbaycanda «musiqi arxivşünaslığı»na diqqətin artırılması, bu sahənin inkişaf etdirilməsi çox vacib məsələdir. Bu, görkəmli musiqi xadimlərinin həyat-yaradıcılıq yolunun və XX əsr Azərbaycan musiqi tarixinin yeni səhifələrinin araşdırılması baxımdan böyük əhəmiyyət kəsb edir. Ə.Bədəbəylinin zəngin arxivi fikirimizə əyani nümunə ola bilər.
|