Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

NOT YAZISI NECƏ YARANMIŞDIR (ikinci məqalə)

 

Musiqinin qulaqları oxşayan xoş sədalarını bütün incəlikləri ilə, dəqiq surətdə kağız üzərində qeydə alan not yazısının nə zaman və hansı şəraitdə ixtira edildiyi haqqında jurnalımızın builki birinci nömrəsində dərc olunmuş məqalədə göstərilmişdi ki, hazırda bütün dünya xalqları tərəfindən qəbul edilmiş müasir ümumi not yazısı vaxtı ilə hər xalqın özünə məxsus ayrıca şərti işarələrdən ibarət olmuşdur. Xalqlar musiqi səslərini qeydə almaq işində əvvəllər əsas etibarı ilə yazı əlifbasının hərflərindən və eləcə də riyazi rəqəmlərdən ibarət olan işarələr tərkibindən istifadə etmişlər. Bu işarələr, təbiidir ki, musiqinin olsa-olsa yalnız təxmini qeydə alınmasını təmin edə bilərdi.

İllər boyu işlənib təkmilləşdirilmiş müasir not yazısında da bir çox nöqsanların olduğunu, onun da tam dəqiq bir qeydə malik olmadığını etiraf etsək, onda qədim not işarələrinin təxminiliyi, təqribiliyi daha təbii görünər.

Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir.

Hər xalqın işlətdiyi əlifba hərfləri ilə riyazi rəqəmlərin birgə əlaqələndirilməsi əsasında düzələn not yazısına Qərbi Avropada tabulatura deyilir. Qərbi Avropa xalqlarının tabulaturası latın əlifbası və riyazi rəqəmlərin uyğunlaşdırılması yolu ilə tərtib edildiyi kimi, ərəb, fars, özbək, Azərbaycan və başqa Yaxın Şərq xalqlarının tabulaturası da o zamanlar Yaxın Şərqdə işlənən ərəb əlifbası ilə riyazi rəqəmlərin əlaqələndirilməsi əsasında tərtib edilmişdir.

Maraqlı burasıdır ki, Yaxın Şərq xalqlarının musiqi tarixi və nəzəriyyəsi ilə məşğul olan Qərb musiqişünasları (görkəmli ingilis musiqi alimi Henri Corc Farmer, məşhur fransız alimləri J. Ruan, M. Hüar, alman musiqi alimi Q. Riman və başqaları) Yaxın Şərq musiqişünaslarının elmi əsərlərinin ərəb dilində yazıldığına əsaslanaraq, bu musiqişünasların hamısının ərəb olduğunu zənn etmişlər. Onlar orta əsrlərdə bütün Yaxın Şərqdə ərəb dilinin yeganə elmi dil (Qərbi Avropada latın dili olduğu kimi) olduğunu nəzərdən qaçırmışlar.

Hələ qədim zamanlarda Yaxın Şərq ölkələrində bir çox alim musiqi əsərlərinin kağız üzərində qeydə alınmasına çalışmış, müxtəlif üsul və qaydalar irəli sürmüşdür. Məsələn, IX əsrin görkəmli ərəb musiqişünası İshaq ibn İbrahimin (767-849) xəlifə Əl-Vasiq-billahə təqdim etdiyi "Kitab-ül-nəğm və-əl-iqa`" ("Musiqi təranələri və ölçüləri kitabı") əsərində musiqi parçalarının qeydə alınması yolunda elmi təşəbbüs göstərdiyi bizə məlumdur.

İshaq ibn İbrahimin şagirdi, dövrünün ən məşhur xanəndə və musiqişünası Ziryabın bu sahədəki fəaliyyəti daha böyükdür. Ziryab öz müəllimindən aldığı təlim sayəsində elm və fənnin bir çox sahələrinə vaqif olur. Lakin o, elm və sənət aləmində öz müəllimi İshaq ibn İbrahim ilə yarışa bilməyəcəyini görüb yaşadığı Bağdad şəhərini tərk edir, əvvəlcə Misrə, sonra bəni-Üməyyə xilafətinin Əndəlisdəki canişini əmir Əbdülrəhman Saninin dəvəti üzrə Kordova şəhərinə gəlir. Burada ədəbiyyat və incəsənətin inkişafı yolunda var qüvvəsini sərf edir. On mindən artıq təsnif və havacat bilən, musiqi aləmində bir çox yeniliklər yaradan Ziryab ud musiqi alətinə beşinci simi əlavə etmiş və udun daha zərif səslənməsi üçün onun ağac qabığından olan mizrabını qartal qanadından düzəldilən mizrabla əvəz etmişdir.

Orta əsr müsiqisinin ən görkəmli nümayəndələrindən biri olan Əbu Nəsr Məhəmməd ibn Tərxan əl Farabi (865 -950; onun yazdığı "Kitab-əl-musiqi əl-kəbir" əsərinin əlyazması Londondakı Britaniya Dövlət Muzeyində saxlanılır) musiqi səslərini bir-biri"nin daxilində yerləşdirilən müxtəlif rəngli 9 dairəvi xətt vasitəsilə ifadə etməyə çalışmışdır.

Şərq musiqisi üçün tabulatura yaratmaq işində müxtəlif tarixi dövrlərdə alimlərin göstərdikləri təşəbbüslər təəssüf ki, çox vaxt intişar tapmır, səmərəsiz qalırdı. Daha doğrusu, bu və ya başqa bir alimin tərtib etdiyi üsul küll halında musiqiçilər tərəfindən qavranıla bilmirdi, çünki bu üsullarda olan həddən ziyadə təfərrüat və şərtiliklər, tərtib olunan tabulatura qaydasını çox mürəkkəb hala salırdı. Nəticədə hər hansı bir alimin düzəltdiyi not yazısı yalnız özünə bəlli olurdu. Bundan əlavə, tərtib olunan tabulatura işarələri musiqi mətninin cüzi bir cəhətini qeydə ala bilirdi.

Belə bir şəraitdə XIII əsr Azərbaycan musiqişünası Səfiəddin-Əbdül Mumin Urməvinin yaratdığı tabulatura daha mükəmməl və daha dəqiq hesab edilməlidir. Yəqin ki, Urməvi bu işində özündən əvvəlki görkəmli musiqi alimlərindən Xəlil ibn Əhmədin (- 786) "Musiqidə və şerdə ölçü qaydaları" və "Musiqi kökləri" adlı kitablarında, mosullu İbrahimin (742-803) ud musiqi alətini şəhr etdiyi risaləsindən, görkəmli İran musiqişünası Əbülfərəc İsfahaninin (897-ci ildə İsfahan şəhərində doğulmuş, 967-ci ildə Bağdadda vəfat etmişdir) "Kitab-ül-ağani" ("Nəğmələr məcmuəsi") əsərindən və nəhayət Əbu Nəsr Farabinin elmi kitablarından geniş və səmərəli surətdə istifadə etmişdir.

Səfiəddin Urməvinin təklif etdiyi not yazısı da mürəkkəb olduğundan Şərq musiqiçiləri arasında geniş yayıla bilməmişdir. Lakin, onun icad etdiyi not yazısı daha dəqiq, daha mükəmməl olduğundan indi biz onun "Kitab-ül-ədvar" təzkirəsindəki tabulaturaları şərh etməklə 800-1000 il bundan əvvəl Azərbaycan musiqisinin necə, nə şəkildə və nə tərzdə olması barədə müəyyən məlumat əldə edirik.

Hər bir musiqiçi, hər bir bəstəkar yeni əsər üzərində çalışdığı zaman, ya da yeni musiqi əsərini not yazısına köçürtdükdə bu əməliyyatı adətən müəyyən bir musiqi alətindən istifadə yolu ilə həyata keçirir. Məsələn, bu gün opera, balet, ya da simfonik əsər üzərində çalışan müasir bəstəkarın yaradıcılıq prosesində istifadə etdiyi musiqi aləti pianodur. Ola bilər ki, piano yazılan əsəri ifa edəcək orkestrin tərkibində olmasın. Lakin buna baxmayaraq əsər bəstələndiyi, həm də not yazısına köçürüldüyü zaman pianonun rolu çox böyükdür. Çünki, bəstəkar yazdığı əsəri, əksər hallarda, pianoda çalaraq yaradır. Orta əsrlərdə Azərbaycanda və ümumiyyətlə Yaxın Şərq ölkələrində musiqiçilərin istifadə etdikləri əsas musiqi aləti ud olmuşdur.

Getdikcə təkmilləşdirilən ud simli musiqi aləti orta əsr Şərq musiqi alətləri arasında uzun illər mühüm yer tutmuşdur. Ürməvi musiqini kağız üzərində qeyd etdikdə əsas etibarı ilə udu nəzərdə tutduğunu və uddan istifadə etdiyini bildirir. Odur ki, indi biz də Urməvinin not yazılarını şərh edib müasir not yazısı sisteminə köçürmək istədikdə hər şeydən əvvəl udun quruluşunu ətraflı surətdə öyrənməliyik.

Udun quruluşu haqqında ilk əvvəl geniş izahat verən, onu ətraflı surətdə şərh və təhlil edən Şərqin böyük musiqi ustadı Əbu Nəsr Farabi olmuşdur. Farabi "Kitab-ül-musiqi-i kəbir" kitabında yazır ki, ud əvvəllər dörd simdən ibarət musiqi aləti idi. Sonradan ona beşinci sim əlavə olundu. Həm də daha gur, daha güclü səslənsin deyə, hər bir sim qoşalaşdırıldı (tardakı ağ simlər ilə sarı simlər kimi).

Udda bəm simdən zilə doğru hər qoşa simin öz adı vardır: bəm, misləs, məsna, zir, hadd.

Hər qoşa sim öz-özlüyündə kainatın varlığını təşkil edən ünsürlərlə: ab (su), atəş, xak (torpaq) və bad (külək) ilə əlaqələndirilir. Ən zil sim olan beşinci qoşa sim isə itilik, kəskinlik məfhumunu ifadə edən hədd adlandırılmışdır.

Udun hər ayrı qoşa simləri arasındakı interval (yüksəkliyi etibarı ilə iki səs arasındakı məsafə. Orta əsr musiqi təzkirəçiləri bunu "bö`d", cəm halında isə "əl-ab`ad" adlandırmışlar) xalis kvartaya (tarda boş sarı sim ilə boş ağ sim arasındakı interval qədər) bərabərdir.

Udun qolu tarın qoluna nisbətən çox qısadır. Odur ki, udun qoluna cəmisi 7 pərdə sığışdırıb bağlamaq mümkün olmuşdur. Bu pərdələrdən beşi əsas, ikisi əlavə, köməkçi pərdə sayılır. Qədim musiqi kitablarında bu pərdələrə dastan deyilir. Hər dastanın öz adı var. Bu adlar çalğı zamanı simləri pərdəyə sıxan barmaqların adı ilə əlaqələndirilmişdir. Udun əsas dastanları (pərdələri) bunlardır:

S a b b a b a - şəhadət barmağı - birinci barmaq;
V o s t a - orta barmaq - ikinci barmaq;
B e n s e r - adsız barmaq - üçüncü barmaq;
X i n s i r - çeçələ barmaq - dördüncü barmaq.
M ü t l ə q (yəni boş sim) ilə sabbaba pərdəsi arasında iki pərdə bağlanır ki, bunlardan birincisinə "zaed", ikincisinə isə "mücənnəb" adı verilmişdir. Eləcə də sabbaba pərdəsi ilə benser pərdəsi arasındakı vosta pərdəsi də bir-birindən müxtəlif yüksəklikdə olan iki pərdədən ibarət olaraq bağlanır. Bunların birincisinə "vosta-ül-furs" (bu, "vosta-ül-fars" kimi də oxunur ki, İran musiqişünasları bu pərdəni "vosta-yi İrani" adlandırmışlar), o birisinə isə "vosta-zol-zol" adı verilmişdir.

Beləliklə, udun qolu üzərinə bağlanmış yeddi pərdə (dastan) ilə boş sim (mütləq) birlikdə hər simin səkkiz müxtəlif səs verməsini təmin edir. Həm də yeddinci (xinsir) pərdənin verdiyi səs ilə sonradan ardıcıl olaraq zilə tərəf gələn hər boş simin səsindəki hündürlüyün eyni olduğunu (məhz buna görə də dahi ustad Urməvi bunları eyni işarə ilə qeydə alır) nəzərdə tutsaq musiqi alətində 36 müxtəlif yüksəklikdə səsin əldə edilə biləcəyini görərik.

Urməvi ərəb əlifbasının əbcəd hərfləri tərtibinin sırası ilə gələn işarələrlə hər bir səsi ayrı-ayrılıqda qeydə alır. Əbcəd hesabında birinci hərfin (əlif) bir (1) rəqəmini ifadə etdiyini və "lo" hərfinin 36 rəqəminə bərabər olduğunu nəzərdə tutsaq, ud musiqi alətinin hər bir səsinin müəyyən bir hərf ilə qeydə alınmasının mümkün və təbii olduğunu aydın surətdə görərik.

Musiqi səslərinin əlifba hərfləri ilə qeydə alınması Qərbi Avropada hələ çox uzaq keçmişdən ta bu günə qədər geniş yayılmışdır. Hazırda bəzi hallarda latın əlifbası hərflərindən istifadə edilir. Burada bir-birinə paralel olan beş xətdən istifadə yolu ilə tərtib olunmuş not işarələrindən əlavə latın hərfləri ilə də ayrı-ayrı səslər qeydə alınır. Məsələn, C - "do" notunu, D - "re" notunu, Cis - "do diyez" notunu, B - "si bemol" notunu, H - "si" notunu ifadə edir. Lakin əlifba hərfləri qeydə alınan ayrı-ayrı musiqi səslərinin ölçüsünü, yəni hər səsin ayrılıqda nə qədər uzadılmasının lazım gəldiyini göstərmir. Beləliklə, musiqi sənətinin əsasını təşkil edən melodiyanın əlamətdar cəhətləri ondan ibarətdir ki, səslərin bir-biri ilə qarşılıqlı münasibətdə olmasını əlifba hərfləri ilə bir təhər ifadə etmək mümkündürsə, həmin səslərin təşkilində çox əhəmiyyəti olan ölçü, ritm, ahəng cəhətlərinin əlifba hərfləri vasitəsilə ifadə edilməsi heç də mümkün olmur. Hərflərdən ibarət tabulaturaların əsas çatışmaz cəhəti də elə bundan ibarətdir.

Urməvi ud musiqi alətində səslənən, əldə edilən hər bir səsin (alətə bağlanmış simlər və nəsb edilmiş pərdələr üzrə) əbcəd hərfləri ilə qeydə alınması qaydasını yuxarıdakı sxem ilə göstərmişdir.

“Elm və həyat”, ¹ 7, 1964

 

 
     
        © Musigi Dunyasi, 2007