İndi biz Urməvinin kitabında çəkdiyi ud musiqi alətinin
səslər düzümü sxemini müasir
not yazısına köçürsək aşağıdakı
səslər sistemini əldə etmiş olarıq.
Biz Urməvinin nəzərdə tutduğu
ud musiqi alətinin səslər düzümü
sxemini şərh etdikdə bir mühüm
cəhət diqqətimizi cəlb edir. O da Azərbaycan
xalq musiqi aləti tarda olduğu kim, udda da hər
oktavanın 17 pillədən təşkil olunmasından
ibarətdir. Fərq burasındadır ki, əgər
tarın ikinci oktavasında,0 misal üçün,
"do-diyez" ilə "re-bemol" enharmonik olduqları
üçün eyni pərdə vasitəsilə
ifadə edilirsə (tarda kiçik və birinci
oktavalar 17 pillədən ibarətdir), ud musiqi
alətində ən bəm pərdələrdən
tutmuş ən zil səslərin hamısı
17 pilləyə bölünür və oktavanın,
fortepianoda olduğu kimi, 12 pillədən yox,
tarın birinci oktavasında olduğu kimi 17
pillədən ibarət olduğunu təsbit
edir. Bu nöqteyi-nəzərdən o, hər
pərdəni özünə məxsus işarə
ilə qeydə alır. Beləliklə, diyezli
və bemollu səslər ayrı-ayrı işarələr
vasitəsilə göstərilir. Bu isə Urməvi
əsərlərinin şərhi məsələsini
xeyli mürəkkəbləşdirir. Buna görə
də Urməvinin not sistemini daha dəqiq bir
tərzdə müasir not yazısına köçürməyə
cəhd etdikdə diyezli və bemollu səslərin
enharmonik cəhətdən başqa-başqa
olduğu ilə istər-istəməz razılaşmalıyıq.
Urməvi yazdığı musiqi parçasının
sərlövhəsində hər şeydən
əvvəl əsərin hansı muğam kökündə
və həm də nə ölçüdə
(vəzndə) olduğunu bildirir. Burada müəllif,
musiqinin əsasını təşkil edən
ritm məsələsinə çox böyük
əhəmiyyət verir. Axı, ritm musiqinin
nəbzidir. İfa olunduğu müddət ərzində
zaman şəraiti ilə bilavasitə əlaqədar
olaraq yaradılan hər bir musiqi əsəri
ölçü qaydalarına tabedir. Biz musiqini
diqqətlə dinləsək görərik
ki, ən kiçik musiqi parçasının
daxilində belə müəyyən bir hərəkət
varlığını ifadə edən konkret
ritmik cəhət vardır. Ritm (vəzn-bəhr-ölçü)
musuqini təşkil edən, formaya, qaydaya salan
və ona müəyyən şəkil verən
əsas ifadə vasitələrindən biridir.
Azərbaycan musiqisinin vəzni olduqca mürəkkəb
və rəngarəngdir. Buna görə də
vəzn nəzəriyyəsi ta qədimdən
başlayaraq bütün Azərbaycan musiqişünaslarının
kitablarında ən vacib fəsillərdən
birini təşkil edir.
Vokal musiqidə ritm şerin bəhrini özündə
əks etdirir. Odur ki, şerin bəhri ilə
musiqinin ölçüsü taraz gəlmədikdə
ahəng büsbütün pozulur, şer ilə
musiqi arasında vəhdət dağılır.
Buna görə də Şərq musiqisində
işlənən ölçü növləri
əruz vəznindəki ölçülərə,
daha doğrusu bəhrlərə tam mənası
ilə müvafiq gəlir. Bu vacib cəhəti
nəzərə alaraq Urməvi də özündən
əvvəlki musiqişünasların ənənəsini
davam etdirərək Azərbaycan musiqisində
istifadə olunan ayrı-ayrı ölçüləri
Şərq klassik şerində olan bəhrlərin
adları ilə qeydə almışdır.
Azərbaycan klassik musiqisinin ən əhəmiyyətli
sahələrindən biri olan vəzn bəhsi
geniş və dərin tədqiqat tələb
edir. Lakin məqaləmizin mövzusu ilə
müəyyən dərəcədə əlaqədar
olduğundan bu məsələ üzərində
müxtəsər də olsa dayanmağı
lazım bilirik.
Vəzn (qədim musiqi kitablarında ritm, vəzn,
ahəng və ümumiyyətlə musiqidə
ölçü məfhumunu ifadə edən
"iqa" termini kimi işlənir) bəhsini ilk dəfə
olaraq elmi əsaslar üzrə şərh edən
VIII əsrin ən görkəmli musiqi alimi
bəsrəli Xəlil ibn Əhməd Fərahidi
olmuşdur (700-772, başqa bir məlumata əsasən
786-cı ildə Dəməşq şəhərində
ölmüşdür). O, musiqi sənəti
haqqında yazdığı iki kitabından
birincisini iqa məsələlərinə həsr
etmişdir. İshaq ibn İbrahim əl-Mosuli
isə "Kitab-ül nəğm əl-iqa" adlı
əsərində vəzn bəhsi üzərində
ətraflı surətdə dayanır. Əbül
Fərəc İsfahani "Kitab-ül-ağani"
əsərində Abbasi xəlifələrindən
olan Harun-ər-Rəşid (786-809) ilə Məmun
(813-833) dövrünün musiqi sənətini
ətraflı surətdə təsvir edərək
musiqidə vəzn məsələsinin əhəmiyyətindən
və əsas cəhətlərindən danışır.
Yenə də X əsrin ən görkəmli
musiqişünaslarından Əbu Nəsr Farabi
(865-950) özünün "Kitab-ül musiqi-il
kəbir" əsərində vəzn haqqında
yazır: "İqa - sədaların zaman ərzində
təqsim olunması, müxtəlif uzunluqda
olan səslərin vaxt daxilində müntəzəm
bölünməsi deməkdir". Məşhur
tacik filosofu və musiqişünası Əbu
Əli ibn Sinanın (980-1037) "Kitab-şəfa"
əsərində vəzn müəyyən
zaman daxilində və müəyyən müddət
ərzində müntəzəm qayda üzrə
təqsim olunan zərblərin məcmuu adlandırılır.
Urməvi isə vəzn haqqında belə
yazır: - "Vəzn, zaman etibarı ilə bir-birindən
ayrılıqda səslənən və öz
vahidləri arasında müəyyən surətdə
təsbit edilmiş münasibətdə bulunan
və beləliklə bərabər dövrlərdə
xüsusi vəziyyət kəsb edən nəqərat
ardıcıllığından ibarətdir".
(Urməvi və başqa orta əsr musiqişünasları
nəqərə sözünü zərb mənasında.
nəqərat sözünü isə cəm
sayında zərblər mənasında işlədirlər;
ehtimal etmək olar ki, Azərbaycan zərb musiqi
alətlərindən olan nağara bu sözdən
əmələ gəlmişdir).
Ritmin, musiqi səslərinin müntəzəm
qaydada əvəzlənməsindən ibarət
olduğunu göstərən Urməvi qeyd edir
ki, zərblər dövründəki ardıcıllığın
düzgün münasib və uyğun olub-olmadığını
dürüst təyin edən insanın intuisiyası,
şüuru, dərrakəsi və duyğusudur.
Urməvi vəzn bəhsini davam etdirərək
yazır: "Biz, iki mütəhərrik hərfi
(daha doğrusu iki hecanı - Ə.B.) məsələn,
"tana" sözünü tələffüz etdikdə
dilimizlə damağımız üzərinə
iki dəfə müxtəlif keyfiyyətdə
olan zərb vurmuş oluruq. Bu iki zərb arasında
müəyyən bir vaxt keçir: uzun, qısa,
ya da orta. Bu vaxtın son dərəcə qısa
bir həddə çatdırılması nəticəsində
əldə edilən vaxtarası (o qədər
kiçik bir vaxtarası ki, onun hiss edilməsi
çətinliklə mümkün olsun) iki əlin
təbil üzərində çox sürətli
hərəkəti nəticəsində əmələ
gələn titrəyişi xatırladır.
İki zərb arasındakı müddəti
uzatmaq üçün isə hədd-hüdud
yoxdur. İki zərb arasında davam edən
bu iki növ ifrat müddət (yəni son dərəcə
qısa, ya da çox uzun) zaman ilə əlaqədar
olan ölçü, vəzn üçün
heç də münasib görülmür, halbuki
orta sürətdə istifadə olunan ölçülər
səmərəli və uyğun hesab edilməlidir.
Bu ona bənzər ki, tələffüz zamanı
səqil (ağır) hecaları icab etdiyi tərzdə
uzatmayıb xəfif hecalar kimi söyləyəsən.
Belə halda yəqin ki, misraların ölçüsü
pozular, çünki, vəzn düzgün ifadə
tələb edir. Odur ki, tələffüz zamanı
kəlmələrin hecaları arasındakı
müddət vəznin (üslubun) tələb
etdiyi qaydaya tabe olaraq: bəzi hallarda nisbətən
uzun, bəzi hallarda isə əksinə qısa
olmalıdır. Bu isə həmin qeyd etdiyimiz,
dürüst vaxtarası, yəni fasil deməkdir.
Düzgün fasil ölçüsü zərblərarası
müddətin bəzisinin nisbətən uzun,
bəzisinin qısalığını tələb
edir. Bu işdə ahəngin pozulduğunu hiss
etmək üçün böyük istedad tələb
olunmur. Çunki, belə bir uyğunsuzluq hər
kəs tərəfindən dərhal duyulur.
Halbuki vəznin düzgün işlədildiyini
eşitdikdə qəlbində razılıq
və məmnuniyyət hissi ilə həzz almayan
heç bir insan tapılmaz".
Şer ilə musiqi arasında üzvi vəhdətin
olmasını zəruri hesab edən Şərq
musiqişünasları və o cümlədən
Urməvi də əruz vəznindəki bəhrlərdən
və ölçü qəliblərindən
(təf`ilərdən) geniş istifadə etmişdir.
Şerdə olduğu kimi, musiqidə də
həmin bəhrlərin bir çoxu öz adlarını
və eləcə də ölçülərini
saxlayır. Lakin musiqidə Xəlil ibn Əhmədin
tətbiq etdiyi "fe`l fəələ" kəlməsindən
əmələ gəlmə, müxtəlif
təf`ilərdən əlavə, sonralar "təntənənən"
təf`isi geniş yayılmış, həm
də bəzi bəhrlər öz əvvəlki
adlarını dəyişmişdir. Məsələn,
ədəbiyyatda münsərih bəhri adı
ilə məlum olan və öz ahəngində
bir axıcılıq və oynaqlıq ifadə
edən vəzn bəzi musiqi əsərində
çox vaxt "faxti" (meşə göyərçini
faxtinin səsini təqlid mənasında) adını
almış və iki müxtəlif variantda
tətbiq edilmişdir.
Azərbaycan klassik musiqisində ən çox
işlənən rəməl (müxtəlif
növləri ilə) və həzəc bəhrləridir.
Yuxarıda qeyd etdiyimiz kimi Urməvi, kəşf
etdiyi qayda əsasında öz musiqi parçasını
təsbit edib yazmaq istədikdə əsərinin
sərlövhəsində musiqinin hansı muğam
kökündə olduğunu göstərir.
Eyni zamanda mahnının ölçüsünü
bildirmək üçün hansı vəznin
zərbləri üzərində əsaslandığını
qeyd edir (bu dəfə zərb kəlməsi
sözün hərfi mənasında, yəni
hazırda biz işlətdiyimiz mənadadır).
Sonra o, oxunacaq mahnıdan əvvəl udun çalacağı
kiçik müqəddimənin melodiyasını
("əs-soot") qeydə alır. Bu müqəddimə
mahnının əvvəllərində, eləcə
də sonradan ayrı-ayrı bəndləri
(kupletləri) arasında nəqərat (bizim
indi işlətdiyimiz döndərmə mənasında)
funksiyasını daşıyan çox kiçik
instrumental epizoddan ibarətdir.
Mahnının musiqisinə (kök və ritm
melodiya) aid əsas cəhətləri qeyd etdikdən
sonra müxtəlif mahnının mətnini
yazır. Nəhayət ən sonra mətni ayrı-ayrı
hecalar üzrə ayıraraq hər bir heca altında
hansı səsin nə uzunluqda olduğunu (səslərin
ölçüsü və yüksəkliyi)
əbcəd hərfləri və rəqəmləri
vasitəsilə qeyd edir. Bu cəhətdən,
xalqımızın böyük musiqişünası
Urməvinin yaratdığı ilk Azərbaycan
not yazısı sistemi öz həqiqiliyi etibarı
ilə orta əsr Qərbi Avropa tabulaturalarından
heç də geridə qalmır.
“Elm və həyat”, ¹ 8, 1964