Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

MUSİQİ MƏDƏNİYYƏTİMİZİN BAYRAMI

 

Üzeyir Hacıbəyov və Müslüm maqomayevin anadan olmasının 80 illiyi münasibəti ilə

Həyatın qəribə təsadüfləri var. Kimin ağlına gələrdi ki, Qarabağın Ağcabədi qəsəbəsində, eləcə də yüz kilometrlərlə uzaqda, indiki Çeçen-İnquş Muxtar Respublikasının Qroznı şəhərində eyni ildə, eyni ayda, eyni həftədə, eyni gündə və kim bilir, bəlkə də eyni saatda iki körpə dunyaya gələcək, bir qədər sonra onlar eyni vaxtda Qori şəhərindəki müəllimlər seminariyasında təhsil alacaq və ümumi fənlərlə yanaşı musiqi savadına da yiyələnəcək, seminariyanı müvəffəqiyyətlə bitirib ibtidai məktəblərdə birgə dərs deyəcək, nəhayət iki bacıya evlənən bu bacanaqlar əl-ələ verib bütün bacarıqlarını Azarbaycan opera sənətinin inkişafına sərf edəcəklər.

Xalqımızın görkəmli musiqi xadimləri olan Üzeyir Hacıbəyov və Müslüm Maqomayev bütun ömrləri boyu Azərbaycan musiqi mədəniyyətinin inkişafı, çiçəklənməsi uğrunda yorulmadan, mətanətlə çalışmışdır.

Yaradıcılıqlarının yeniliyi, orijinallığı etibarı ilə hər iki bəstəkar musiqi tariximizdə xüsusi və fəxri yer tutur. Onların əsərləri sözün həqiqi mənasında milli bir sənətdir. Bununla yanaşı iki bəstəkarın musiqi dili bütün xalqlar üçün aydındır. Öz doğma xalq musiqisinin incilərini mükəmməl surətdə mənimsəyən və eyni zamanda Avropa musiqi mədəniyyətindən, xüsusən rus musiqi sənəti ənənələrindən məharətlə istifadə edən bu iki sənətkarın yaradıcılığı bütün sovet xalqları üçün əziz və doğmadır.

Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyovun musiqi fəaliyyətinə başlamağı irtica illərinə təsadüf edir. Birinci rus inqilabı məğlub olduqdan sonra çar hökuməti daha da azğınlaşır. Hər cür azad fikirlilik amansız surətdə təqib olunur.

Bu dövrdə irtica Azərbaycana da keçir. Çar məmurlarının göstərişi ilə Azərbaycanın da yüzlərlə oğulları edam edilir və həbsxanalara salınır. Bütün bunlara baxmayaraq Azərbaycan mədəniyyəti öz inkişafından qalmır. İnqilab məğlub olmasına baxmayaraq xalqın gözünü açır. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəfbəy Vəzirov, Əbdürrəhimbəy Haqverdiyev, Süleyman Sani Axundov kimi demokratik fikirli yazıçıların qüdrətli bir dəstəsi meydana gəlir. Onlar bədii ədəbiyyat və ümumiyyətlə maarif-mədəniyyət sahəsində geniş fəaliyyətə başlayırlar. Bu iti qələm sahiblərinin burjua-mülkədar zülmətinə, irticaya qarşı apardıqları mübarizədə gənc Üzeyir də istedadlı bir mühərrir, dramaturq və bəstəkar kimi yaxından iştirak edir. Bu dövrdə onun, Azərbaycanın dahi şairi Füzulinin məşhur poeması əsasında yaratdığı "Leyli və Məcnun" operası (ilk dəfə 25 yanvar 1908-ci ildə oynanılmışdır) qaranlıq mühitdə yandırılmış bir məşəl kimi bütün Şərq aləmi musiqisinə işıq saçdı. Əsərin böyük müvəffəqiyyət qazanmasından ruhlanan gənc müəllif ardıcıl olaraq "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əsli və Kərəm", "Şah Abbas və Xurşudbanu" operalarını bəstələyir. Bu əsərlərin məzmunu xalq məhəbbət dastanlarından alınmışdır. Müəllif burada saf məhəbbət, fədakarlıq, zəhmətsevərlik, müəyyən peşəyə yiyələnmək, dini ehkamların törətdiyi fəlakətlər və sair kimi problematik məsələləri tərənnüm edir.

Üzeyir Hacıbəyov həm görkəmli bəstəkar, həm də istedadlı ədib və dramaturq idi. Bir yazıçı kimi o, M. F. Axundov dramaturgiyasının ənənələrini davam etdirməyə çalışmışdır. "O olmasın, bu olsun", "Arşın mal alan" operettaları (hətta buradakı musiqi nömrələrini şərti olaraq, nəzərə almasaq belə) özlüyündə bitkin və kamil komediya əsərləridir. O zaman ədəbiyyatımızda əsas yaradıcılıq metodu olan tənqidi realizm üsulunda yazılmış bu əsərlərdə inqilabdan əvvəlki Azərbaycanın ictimai həyatında davam etməkdə olan köhnə adət və ənənələr, eybəcərliklər, çirkinliklər, cəhalət və nadanlıq dünyasında cövlan edən məşədibadlar və onun ətrafına toplaşmış qoçu Əskər, satqın və şərəfsiz burjua ziyalılarının mənəvi yoxsulluğu, alçaq təbiətləri ifşa olunur.

Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra çiçəklənib yüksək mərhələyə çatdı və onu ölkəmizin, eləcə də dünyanın ən böyük dahi sənətkarları sırasına çıxardı.

Onun uzun illərdən bəri əldə etdiyi yaradıcılıq təcrübələri, Azərbaycan xalq musiqisinin əsasları üzrə apardığı dərin tədqiqat işləri, Avropa və xüsusilə rus opera sənəti nailiyyətlərinə yiyələnmək nəticəsində bəstələdiyi "Koroğlu" operası bütün sovet opera yaradıcılığının böyük qələbəsidir. Bu operanın əsas məziyyəti orasındadır ki, burada təsvir olunan hadisələrin uzaq keçmişdə baş verdiyinə baxmayaraq, "Koroğlu" müasir bir əsər kimi səslənir, müasir bir tamaşa kimi qarşımızda canlanır.

"Koroğlu" xalqımızın ürəkdən sevdiyi sənət əsəridir. Təsadüfi deyildir ki, Böyük Vətən müharibəsi illərində Azərbaycan oğulları Koroğlu mahnısını oxuya-oxuya döyüşə getmişlər.

O, sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli şerinin bir bəstəkar qardaşı,
Şöhrət tapdı adınla bizim ana yurdumuz.


S. Vurğun.

Azərbaycanda opera sənətinin və professional kompozitorluq fəaliyyətinin əsasını qoyan "Koroğlu" operasının müəllifi Üzeyir Hacıbəyov xalqımızın şərəfli övladlarından biri kimi, öz xalqının mədəni yüksəlişi üçün daim çalışan bir sənətkar olmuşdur.

Üzeyir Hacıbəyovun yaxın məsləkdaşı Müslüm Maqomayev də Azərbaycan opera sənəti sahəsində olduqca fəal çalişmışdır. 1911-ci ildən ta son nəfəsinə qədər (1937-ci ildə vəfat etmişdir) Azərbaycan operasının əsas dirijoru vəzifəsində çalışan Müslüm Maqomayev, həm də zəmanəsinin görkəmli bəstəkarı olmuşdur. Onun "Şah İsmayıl" operası (librettosu istedadlı Azərbaycan şairi Mikayıl Müşfiqin atası İsmayılzadə Mirzə Əbdül-Qədir Vüsaqinindir) muğam operalarından "Şahsənəm", "Nərgiz", "Koroğlu" kimi opera əsərləri formasına keçmək üçün bir körpü rolunu oynamışdır. Bəstəkar bu əsər üzərində uzun illər çalışmışdır. İlk dəfə 1919-cu ildə böyük Azərbaycan artisti və rejissoru Hüseyn Ərəblinskinin rejissorluğu ilə oynanılmış "Şah İsmayıl" operası, 1924-cü ildə təzədən redaktə olunaraq tamaşaya qoyulmuşdur. Bu redaktədə müəllif, Azərbaycan muğamlarından bəzilərini (əsas etibarı ilə birinci pərdədə Aslan şah ilə Rəmmal səhnəsində "Çargah" muğamını) Azərbaycan professional musiqisində ilk təcrübə olaraq simfonik orkestr üçün bəstələmişdir. O zaman "muğamları nota salmaq mümkün olan iş deyil, bunu heç kəs bacarmaz" - deyə hay-küy salan bəzi şəxslərin əsassız iddiasına qəti cavab olan bu təşəbbüsündən özü də çox razı qaldığındandır ki, Müslüm Maqomayev, bir müddət "Çargah" sözünü özü üçün təxəllüs kimi qəbul etmişdir. Afişalarda, elanlarda, tamaşa proqramlarında Müslüm bəy Maqomayev əvəzinə, Müslüm bəy Çargah yazılırdı.

Azərbaycan operasında ilk dəfə müasir mövzuda əsər yazan bəstəkar Müslüm Maqomayev olmuşdur. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümü münasibəti ilə ilk dəfə olaraq nümayiş etdirilən "Nərgiz" operasında Azərbaycan xalqının əbədi azadlığa çıxması, bəy-xan əsarətindən qurtarıb öz mədəniyyətinə sahib olması kimi tarixi hadisələr qələmə alınmışdır. "Nərgiz" operasında cəsarətli, igid, qorxmaz Azərbaycan qadınının bədii surəti parlaq cizgilərlə tərənnüm edilir. Nərgiz öz xalqının azadlığı uğrunda kişilərlə yanaşı mübarizə aparan tipik Azərbaycan qadınının obrazıdır. O, həm qəhrəmandır, həm də son dərəcə lirik və səmimi ürəyə malik bitkin bir surətdir. "Nərgiz" operasının bir xüsusiyyəti də ondan ibarətdir ki, burada zəhmətkeş xalq kütləsi hadisələrə biganə baxan tərzdə yox, əksinə, böyük qüvvəyə malik olan mübariz kimi göstərilmişdir.

Müslüm Maqomayev Azərbaycanda ilk dəfə olaraq kinofilmlərə musiqi bəstələyən, radioda musiqi verilişlərini təsis edən və ona rəhbərlik edən, Azərbaycan xalq mahnıları və oyun havaları əsasında kiçik formalı simfonik əsərlər yaradan görkəmli bir sənətkar olmuşdur.

Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin yaradıcılıq yolu - incəsənəti dərin həyati gerçəkliyə çağıran, incəsənətə mübariz siyasi istiqamət verən, incəsənəti mərd təbiətli xalqımızın tərbiyə işinə yönəldən, Kommunist Partiyasının müdrik rəhbərliyi sayəsində inkişaf edib adətən musiqidə xəlqilik uğrunda, realizm uğrunda, sosialist sənəti uğrunda yorulmadan çalışmaq yoludur.

“Elm və həyat”, ¹ 12,1965

 

 
     
        © Musigi Dunyasi, 2007