Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

ŞƏRQİ KONSERT

Yekşənbə günü noyabrın 2-də dövləti türk teatrosunda məşhur Şərq musiqarlarının iştirakı ilə İonesyanın təhti-idarəsində Şərqi simfoniya konserti tərtib edilmişdi. Şərq melodiya və muğamatı bu konsertdə çoxsəsli bir orkestro (yəni birinci tarlar, ikinci tarlar, birinci, ikinci, üçüncü dörcüncü və sairə) icra ediliyordu ki, bu musiqinin bədiiyyat cəhətinə xüsusi bir məziyyət veriyordu.

Bu kibi Şərqi konsertlər bizcə pək faydalıdır. Zira ki, Şərq musiqisini ahəngini qeyb etmədən çoxsəsli bir orkestro vasitəsilə icra etmək yolundakı əməli tədbirlərdən birisini təşkil ediyor. Əlavə olaraq bəzi musiqarlar "solo" dəxi çaldılar. Birinci şöbədə Qurbanın "Çahargah"ı pək müvəffəqiyyətli keçdisə də, ondan sonra Armenakın dəxi kamançada "Çahargah" çalması yersiz idi.

İkinci şöbədə Kasparovun "Aras dalğaları" və "Segah"ı fəna deyildi. Seyid Şuşinskinin yanıqlı "Zabul"u səsinin tamamilə açılmış olmadığına baxmayaraq yaxşı təsir bağışladı.

Fəqət Lazarın "Mahur"u istənilən təsiri bağışlaya bilmədi. Bir də nədənsə afişada Cabbar ilə Xanın oxuyacağı elan edilmişdi. Lakin səhnədə onları görmədik və onların əvəzində "səmədləri" eşitdik. Bu isə tamaşaçılar haqqında insafsızlıqdır.

"Kommunist", 4 noyabr 1924

KONSERT

Türk xalqını musiqiyə daha artıq yaxınlaşdırmaq, onu Avropa və Şərq musiqisi ilə yaxından tanış etmək və eyni zamanda xalq nəğmələrini ictimai səhnələrə çıxarmaq, yəni əsas etibarı ilə bir tərəfdən xalq musiqisini canlandırmaq, diriltmək, rövnək və tərəqqi vermək, digər tərəfdən də əsrlərdən bəri mollaların nüfuzu altında ağlamaya vadar edilib də musiqiyi haram hesab etməklə bədiyyətin ən nəfis və ruhnəvaz şöbəsi olan musiqidən məhrum qalmış türk əməkçilərinə musiqi tərbiyəsi vermək lazımdır.

Bunun üçün hər həftə teatroda konsertlər veriliyor. Fəqət türk əməkçilərinin bundan layiqincə istifadə edə bilmələri için mütləq öylə yer seçmək lazımdır ki, əməkçilərin həmişə getdiyi yer olsun. Lakin nədənsə bu dəfə konsert Böyük teatroda, yəni oraya getməli olan yoldaşlardan uzaqda tərtib edilmiş və bunun üçündür ki, geniş türk əməkçiləri pək az gəlmişdi. Sol lojadakı qəza nümayəndələri çıxılarsa, bu gecə teatroda işçi və füqarai-kasibə yox dərəcəsində idi. Çünki türk əməkçiləri teatroya getməyə adət etməmişlərdir.

Amma bunun müqabilində bir çox tamaşaçılar var idi ki, onları dövləti türk teatrosunda heç vaxt görməzsən əlbəttə, onların konsertə gəlmələri yaxşı və lazımdır; fəqət əsl məqsəd bunlar deyl, işçiləri cəlb etməkdir. Ona görə konsertlər bizcə darısqal, zinətsiz, bəlkə də çox sair qüsurları da olan, fəqət bununla bərabər hər gecə türk əməkçiləri ilə dolu olan türk teatrosunda tərtib edilməlidir.

Bu gecəki tamaşaçılar adətən türk teatrosunu və xüsusən oraya gələn tamaşaçıları bəyənməz, zinət və şıq sevər şəxslərdir. Hələ inqilabdan qabaq bu xüsusda çox şikayətlər edilirdi. Lakin indi inqilabi teatroda biz özümüzü onlara yaxınlaşdırmaq, onların ruhunu, zövqünü oxşamaq deyil, onları öz arxamızca çəkməli və öz zövqümüzə və xətti-hərəkətimizə tabe etməliyiz. Xüsusən türk teatrosuna getməyi öyrətməliyiz, səhnəmiz ancaq əməkçilər üçün olduğu üçün hər bir məsələdə onların zövq, mətləb və mənafelərinə tabe edilməlidir.

Bir də xanəndələrimiz adətən oxuyarkən, qaval arxasında gizlənən əlini qulağa qoymaq və xüsusən oxurkən çox zəngulə vurmaq və bunun nəticəsi olaraq ağız-burnunu əyərək bütün simasını zəngulə üçün zorlamaya adət etmişlərdir. Lakin son zamanlar Şərqdə, xüsusən Türkiyədə əvvəla zənguləyi xanəndə bir məziyyət deyil, bir qüsur hesab edərək, göstəriyorlar ki, zəngulə musiqinin ahənginə xələldar edir, səlasətini pozur. Ona görə bir xanəndə oxurkən ahənglərin səlasətini pərdələrin uyğun bir tövr ilə enib-qalxmasına diqqət verməli, bunun üçün mütləq zənguləyi tərk etməlidirlər. İstanbulda və bütün Türkiyədə bu məsələ çoxdan həll olunmuş və zəngulə qaldırılmışdır. Bundan naşı xanəndələr də səhnələrdə layiqincə qavalsız, üz-gözünü qıvışdırmadan və ağzını əymədən oxuya bilirlər.

Digər tərəfdən xanəndənin ağzının hər açılıb yumulması, dodaqlarının hər tərpənişi onun dediyi sözləri anlatmalı və ifadəsinə yardım etməlidir. Zəngulə isə bu məqsədə xidmət deyil, əngəl çıxarır. Ona görə də xanəndələrimizin bu cəhətinə diqqət verməli və öylə islaha çalışmalıdır ki, onlar oxurkən duruşuq, yaraşıq və hərəkətlər ilə bir aktyor hərəkəti kimi oxuduqlarının təsirini artırsınlar, nəinki masaya qısılaraq, qaval dalında gizlənmək və əlini qulağına qoyub ağzını oynatmaqla daha da oxuduğunun təsirini fövt etsin.

"Kommunist", 20 noyabr 1924

 

 
     
        © Musigi Dunyasi, 2007