Biography
Photo archive
Video archive
Audeo archive
Sonoteka
Literature
Notes
Personal archive
Site map

 

QARA ŞƏHƏRDƏ

Ayın 29-da (yanvar - İ.Q.) "Qara şəhər" klubunda işçilər üçün tamaşa verildi.

Tamaşadan qabaq yoldaş Məmmədzadə mövhumat barəsində məruzədə bulundu. Sonra Böyükağa Talıblının "Keyf içində" adlı əsəri oynandı. Axırda konsert və rəqs oldu. Tamaşa çox gözəl keçdi.

"Kommunist", 1 fevral 1925

 

YENİ OPERALAR

"Şah Sənəm". Hələ teatro mövsümü açılan zamanlar xəbər vermişdik ki, Əliverdili Ağalar tərəfindən "Harun Ər-Rəşid", Zülfüqar Hacıbəyov tərəfindən "Üç aşıq" və professor Qlier tərəfindən "Şah Sənəm" adına birər yeni opera yazılıyor.

Məzkur əsərlər bu il teatro mövsümündə hazırlanaraq, səhnəyə və`z edilmədi (qoyulmadı - İ.Q.). İndi ancaq bu əsərlər hazır olmuşlardır. O cümlədən professor Qlierin "Şah Sənəm" adlı operası hazır olub, Böyük Dövləti teatroda bəzi sınaqlar dəxi icra edilmişdir. İştirak edənlərin dediklərinə görə opera pək gözəl və eyni zamanda pək ağırdır. Ona görə oynanması üçün aylarca hazırlaşmaq lazım gəliyor. Qabaqda bir şeylər var idi ki, nisan ayında mövqe tamaşaya qoyula biləcəkdir. Lakin aldığımız son məlumata görə nisanda oynanması mümkün olmayacaqdır.

"Harun Ər-Rəşid". Ağalar Əliverdilinin "Harun Ər-Rəşid"i dəxi ancaq imdi hazır olmuşdur. Bu operanın musiqi hissəsində tar və kamança olmayıb, məhz simfoniya aləti ilə çalınıyor.

Nəğmələri dəxi türk muğamatından ibarət olub pək maraqlıdır. Opera 4 pərdədən ibarətdir. Musiqini yazmaqda vətəndaş Lavrov dəxi iştirak etmişdir. Bu gün idarəmizə məzkur opera haqqında Lavrov böylə məlumat vermişdir:

""Harun Ər-Rəşid"in musiqi hissəsini bitirdim. Nəğmələri məhz türk muğamatında yazılmışdır. Nəğmələr maraqlıdırlar". Bu operanı səhnədə oynamaq üçün 2 həftəyə hazırlamaq mümkündür.

"Üç aşıq". Zülfüqar Hacıbəyli hələ fevral ayının axırlarında "Üç aşıq" operasının hazır olduğunu dövləti teatro yanındakı bədaye şurasına xəbər vermişdi. Şuranın bir iclasında məzkur operanın oynanması məsələsi müzakirə edildi. Fəqət məlum oldu ki, ən azı iki ay hazırlamaq lazım gələcəkdir. Ona görə "Üç aşıq"ın oynanması opera mövsümünün uzadılmasıyla mərbut qaldı və dolayısıyla oynanmağa hazırlanmadı.

Lakin bu gün vətəndaş Lavrov məzkur əsər haqqında böylə məlumat veriyor: "Bunun (yəni, "Harun Ər-Rəşid"in) dalısınca istər məzmunca, istər musiqicə ən maraqlı və ən nəfis "Üç aşıq" operasının orkestrovkasını bitirməliyəm".

Demək, bu əsərin orkestrovkası hələ hazır deyilmiş. Eyni zamanda həm bədaye şurasının, həm də məzkur Lavrovun verdikləri məlumata görə bu opera hazır olduqdan sonra səhnədə mövqe-tamaşaya qoymaq üçün iki aya qədər hazırlanmaq lazım gələcəkdir.

Bu sürətlə yeni operaların hər üçü ancaq gələn mövsümdə oynana biləcəkdir.

"Kommunist", 20 mart 1925

"ÖLÜLƏR"

Yazanı Cəlil Məmmədquluzadə, naşiri "Molla Nəsrəddin" idarəsi.

Bu əsərin ən böyük dəyəri orasındadır ki, xalqın yaşayışı tam soyuqqanlılıq, vüqar və təmkin ilə düşünülərək, rəng və rovğən (yağ) vurmadan, yaldızlamadan, tən-tənə və dəb-dəbə güdmədən, olduğu kibi təsvir edilmişdir; eyni zamanda "yüzdən kudə", yaxud əvamfəribcəsinə (demaqoqcasına - İ.Q.), meşşanlıq mülahizəsilə yanaşmamış, burjua və müsəlman cəmiyyətinin bütün iyrənc tərəfləri müəyyən şəkilllər, müəyyən səhnələr və müəyyən tiplərdə təcəssüm etdirilmişdir və öylə məharətlə ahəngləşdirilmişdir ki, xalq yaşayışının ağrıyan məsələləri tamamilə ahəgli bir silsilə kibi gediyor.

Bu əsər qəzetəmizin müdiri yoldaş Həbib Cəbiyevin "Ölülər haqqında dirilərə" ünvanlı bir müqəddiməsi ilə nəşr edilmişdir. Məzkur iki səhifəlik müqəddimədə yoldaş Cəbiyev əsəri o qədər əhatə və öylə dərin bir surətdə təhlil etmişdir ki, hər hankı tərəfdən yanaşarsaq onun fikir və ifadələrinə təmas etmiş olacağımızdan artıq bu əsər haqqında bir şey yazmayı lüzum etmədim. Onun haqqında çox yazılmışdır.

Ancaq yoldaş Cəbiyevin müqəddiməsində də, qabaqkı məqalələrdə bir məsələ çox örtülü keçmişdir ki, bu dəfə bən ondan bəhs etmək istərəm.

Cəbiyev yoldaşın əfvinə məğrurən ərz etmək istərdim ki, onun "Molla Nəsrəddin" dili adlandırdığı dil nəinki "Ölülər" kibi gözəl bir əsərə, hətta ikinci dərəcəli əsərlərimizə də layiq bir ədəbi dil deyildir. Əlbəttə, "ədəbi" dil dedikdə qəliz ibarələr və parlaq cümlələr tələb etməkdən çox uzaqdayız. Lakin bununla bərabər öylə pozğunluğa da tərəfdar ola bilməyiz. "Ölülər"in dili ədəbiyyat qaydalarına müxalif, cümlələri qırıq, kəsik və pozuq, yazısında nə səlasət var, nə incəlik. Ona görə biz belə bir dili tövsiyyə etmək deyil, bəlkə onun islahına çalışmalıyız. Hətta cəsarətlə deyə biləriz ki, əsəri ümumiyyət üzrə götürdükdə məfkurə və məzmunu bir tavuz quşu isə, dili də tavuz ayağıdır!

Kitabın çapına gəldikdə bunu da qeyd etmək lazımdır ki, nəfasətinə (nəfisliyinə - İ.Q.) yaxşı diqqət verilmiş və nəticədə pək sadə bir gözəl tək əldə edilmişdir.

Bu əsər haqqında sözümüzü yoldaş Cəbiyevin işbu cümlələrini təkrar etməklə bitirmək istəriz:

"Ölülər" əsərini biz oxucularımızın geniş dairələrinə və hər bir savadlı işçi və kəndliyə tövsiyyə ediyoruz ki, həm özləri, həm də savadsız ailələri, yoldaşları və dostları üçün oxusunlar."Ölülər"i oxumaq lazımdır ki, din, mövhumat, əski barbar ailə və ictimai həyata xitam qoyulsun.

"Ölülər"i bütün bu göstərdiyimiz ictimai bid`ətlərin bani və amillərini doğrudan da "Ölülər" halına salmaq üçün oxumaq və teatro və klub səhnələrində oynamaq lazımdır".

Cəbiyev yoldaşın bu cümlələrini artıracaq bir sözümüz yoxdur.

"Kommunist", 13 fevral 1925

 

 
     
        © Musigi Dunyasi, 2007