Əfrasiyab Bədəlbəyli
tanınmış bəstəkar olmaqla yanaşı,
Azərbaycan musiqi tarixinə musiqişünas
və dilçi alim, publisist və tərcüməçi
kimi daxil olmuşdur. Onun fəaliyyətinin bu
sahəsi dəyərli tədqiqat əsərləri
ilə səciyyələnir.
Əfrasiyab Bədəlbəyli Azərbaycan musiqi
tarixi və nəzəriyyəsinə, Azərbaycan
musiqisinin görkəmli nümayəndələrinə
həsr olunmuş elmi – publisistik məqalə
və kitabçaların, mühazirə və
çıxışların müəllifidir.
Bütün bunlar onu geniş dünyagörüşlü,
erudisiyalı, musiqinin mövcud problemlərinə
açıq gözlə baxmağı və onların
həlli yollarını göstərməyi bacaran
bir alim kimi xarakterizə edir.
Lakin Əfrasiyab Bədəlbəylidən danışarkən,
ilk növbədə musiqi ictimaiyyəti arasında
cox məşhur olan, hər bir musiqi tədqiqatçısının
stolüstü kitabına çevrilən “Musiqi
lüğəti”nin adı çəkilir.
“Musiqi lüğəti” Əfrasiyab Bədəlbəylinin
bir alim kimi çoxillik yaradıcılığının
nəticəsi və yekunudur. Yəni onun illər
uzunu muğam sənəti və musiqi tarixinə
dair apardığı araşdırmaları,
dilçilik sahəsində əldə etdiyi bilikləri,
ərəb, fars, rus və doğma azərbaycan
dilinin incəliklərinə dərindən bələd
olması, tərcüməçilik səriştəsi,
fikrini səlis elmi və ədəbi dildə
lakonik ifadə etmək bacarığı, musiqiyə
baxışları – bütün bunların hamısı
öz əksini “Musiqi lüğəti”ndə
tapmışdır.
Kitabın “İzahlı – monoqrafik musiqi lüğəti”
adlandırılması da təsadüfi deyil.
Müəllif ilk andan oxucunun diqqətini kitabda
toplanmış zəngin məlumatlara yönəldir.
“Musiqi lüğəti” bir neçə hissədən
ibarətdir. Zahirən bu hissələr çox
sadə adlar daşıyır: Müəllifdən;
Lüğətin quruluşu; Şərti ixtisarlar;
Azərbaycan musiqi terminləri; Musiqi terminləri;
Musiqi ədəbiyyatında işlənən
xarici söz və terminlər; Qeydlər, şərhlər
və monoqrafik məlumat. Başqa sözlə
desək, bunlar, bəlkə də bütün
lüğətlərdə istifadə olunan bölmələrdir.
Lakin əsas məsələ onların məzmunu
ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, bu bölmələrin
hər biri ayrı – ayrılıqda məzmun
baxımından tutumlu olub, hər biri müəyyən
bir problemin həlli yolunda atılan addım kimi
qiymətləndirilə bilər. Bu baxımdan
“Müəllifdən” adlandırılmış
bölmə maraq doğurur. Burada çox maraqlı
bir rakursdan musiqişünaslığın vəzifələri
işıqlandırılır, onun sahələri
göstərilir: musiqi nəzəriyyəsi, musiqi
tarixi, musiqi etnoqrafiyası, musiqi alətşünaslığı,
akustika elmi, musiqi psixologiyası, musiqi tənqidi.
Bunlar müasir musiqişünaslığın
inkişaf etmiş sahələridir.
Elə bu bölmədə Ə.Bədəlbəyli
Azərbaycan musiqi irsinin tarixi və nəzəri
baxımdan öyrənilməsini ən vacib məsələ
kimi ortaya çəkir. Burada verilən muğamın
inkişaf tarixinə dair və xalq musiqisi janrlarının
təsnifatına dair fikirlər diqqətəlayiqdir.
Bu bölmədə o, Azərbaycan musiqi tarixinə,
muğam sənətinin tarixinə ekskurs edərək
orta əsr musiqi traktatları, XIX – XX əsrlərdə
muğamın inkişaf mərhələsinə
dair məlumat verir. Azərbaycan və İran
musiqişünaslarının elmi fikirlərini
müqayisəli şəkildə şərh
edir.
Əlbəttə ki, bunlar çox qiymətli elmi
müddəalardır və onların ayrılıqda
öyrənilməsi neçə – neçə
dissertasiyanın mövzusu ola bilər. O cümlədən,
kitabın ikinci bölməsində verilmiş
muğam sənətilə bağlı terminlər
və sonuncu bölmədəki qeydlər, şərhlər,
biblioqrafik məlumatlar da bu qəbildəndir.
Qeyd etməliyəm ki, Ə.Bədəlbəylinin
“Musiqi lüğəti”ndəki muğam adlarının
izahına demək olar ki, elmi tədqiqatların
əksəriyyətində müraciət olunur.
Bəzən bu müraciət düşünülmüş
şəkildə olaraq daha dərin araşdırmalara
yol açır, bəzən isə müəlliflər
mexaniki olaraq bu adları qeyd edir. Lakin elə ilk
baxışdan da görünür ki, Ə.Bədəlbəyli
muğamın inkişaf tarixinə böyük
diqqət yetirmişdir.
O, orta əsrlərdə, XIX əsrdə və
XX əsrin I yarısında muğamların hansı
şöbə və guşələrdən
ibarət olduğunu göstərmişdir. Burada
verilən məlumat bir də ona görə qiymətlidir
ki, bu muğam şöbələrinin çoxu
indi muğam ifaçılığı praktikasında
unudulub. Faktiki olaraq, Ə.Bədəlbəylinin
“Musiqi lüğəti” indi onların adlarını
bizə çatdıran nadir mənbələrdən
biridir.
Lüğətin digər iki hissəsində
isə musiqidə geniş istifadə olunan musiqi
terminlərinin rus və xarici dildə düzgün
yazılışı, onların Azərbaycan
dilinə tərcüməsi verilir. Bütün
bunlar musiqişünaslıqda çox vacib amildir,
çünki elmi ədəbiyyatda bu terminologiyanın
eyni düzgün olmayan istifadəsi ilə qarşılaşırıq.
Artıq “Musiqi lüğəti”nin girişində
müəllif öz məqsədini açıqlayaraq,
çox aktual bir məsələyə toxunmuşdur.
O yazır: “Musiqi sənətinin tarixinə və
nəzəriyyəsinə aid Azərbaycan dilində
ədəbiyyatın azlığı, mövcud
musiqi dərsliklərində terminlərin işlədilməsindəki
qarışıqlıq, mətbuat səhifələrində
çıxan məqalələrində, radio verilişlərində
eyni musiqi məfhumunun ifadəsindəki müxtəliflik,
çap olunan not kitablarındakı mətnin yazılışında
formal tərcüməçilik halları musiqi
terminlərinin unifikasiyası işinin sahmanlanmasını,
qaydaya salınmasını musiqi həyatımızın
və musiqi praktikamızın ən zəruri
və təxirəsalınmaz vəzifəsi kimi
irəli sürür.”
Bu gətirilən sitatda gördüyünüz
kimi, Ə.Bədəlbəyli musiqişünaslıqda
mövcud problemləri göz önünə
çəkmişdir.
Danılmaz faktdır ki, Azərbaycan musiqişünaslığı
XX əsrdə rus musiqi elminin mütərəqqi
ənənələrinə əsaslanaraq inkişaf
etmişdir. Ənənəvi olaraq, musiqi elmimizdə
rusdillilik bu gün də davam etsə də məhz
Azərbaycan dilində musiqi tarixi və nəzəriyyəsinə
dair elmi ədəbiyyatın genişləndirilməsinə
ehtiyac duyulmaqdadır.
Həqiqətən də, elmi ədəbiyyatda,
not nəşrlərində, radio və televiziya
efirində Azərbaycan dilində musiqi terminlərinin
tətbiqində pərakəndəlik, qeyri –
dəqiqlik özünü göstərməkdədir.
Hal – hazırda musiqidə azərbaycan dilində
vahid terminologiya bazasının yaradılması
da zəruri məsələlərdən biri
kimi qarşımızda durur. Nəzərə
alsaq ki, Ə.Bədəlbəylinin “Musiqi lüğəti”
1960-cı illərin məhsuludur, ancaq sadalanan
problemlərin bu gün də öz həllini
gözlədiyini etiraf etməliyik. Bu baxımdan
azərbaycan dilində ensiklopedik musiqi lüğətinin
yaradılması böyük əhəmiyyətə
malik iş olardı.
Əlbəttə ki, bu işdə Ə.Bədəlbəylinin
“Musiqi lüğəti”ni əsas götürərək,
buradakı terminlərin izahına əsaslanaraq,
onları müasir terminologiya ilə dolğunlaşdırmaq
da vacib şərtdir. Təkcə muğam sənətinə
aid terminlər deyil, ümumi musiqi terminləri
də azərbaycan dilində dəqiqləşdirilməli
və işlənilməlidir. Yalnız bu halda
musiqi elmində dil və tələffüzlə
bağlı məna müxtəlifliyinə və
mübahisələrə son qoyula bilər. Ümidvaram
ki, belə bir lüğət üçün
artıq real zəmin var.
Bu problemi hələ 50-60 il bundan əvvəl
Ə.Bədəlbəyli görmüşdü
və onun həlli yolunda mühüm addım
ataraq “Musiqi lüğəti”ni yaratmışdı
və bir növ məsələnin gələcək
perspektivini işıqlandırmışdı.
Biz isə bunu davam etdirməklə musiqi elmimizin
inkişafını təmin edə bilərik.
|